Nikolun növbəti sərsəmliyi – Rusiyanın “çevriliş planı” və Azərbaycana qarşı ittiham

post-img

Ermənistan hakimiyyəti sülhdən yayınmaq üçün hər şeyə əl atır

Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında ad çəkmədən, lakin Rusiyaya eyham vuraraq, ölkəni Ermənistan dövlətçiliyini parçalamaq cəhdində ittiham edib. Nikolun sözlərindən gəlinən qənaət budur ki, Moskva çevriliş məqsədi ilə Qarabağ ermənilərindən istifadəyə çalışıb. 

Əvvəla, onu deyək ki, Paşinyanın Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəhbərliyinə qarşı ittihamı ilə bağlı sualı cavab­landırarkən, cəfəng fikirlərə köklənməsi diqqət­dən yayınmır. Sanki Nikol Rusiyanı gözdən salmaq baxımından regiondankənar qüvvələrlə mərcə girib. Tam aydındır ki, o, Moskva ilə mü­nasibətləri ardıcıl olaraq pisləşdirmək qərarında qətidir və hər fürsətdəcə prosesi şüurlu şəkildə gerçəkləşdirdiyinə dair impulslar ötürür. 

Əslində, Lavrov da təxminən bunu demişdi. O bildirmişdi ki, hazırda İrəvanın etdiyi, daha doğrusu, Qarabağ itkisinə görə Kremli günah­landırmaq ritorikası və ondan irəli gələn dav­ranışlar müttəfiqlik münasibətləri deyil. Yəni, Lavrov dolayısı ilə Ermənistanın “qırmızı xət­ləri” keçdiyini vurğulamışdı. 

***

Qeyd edək ki, N.Paşinyan 2023-cü ilin sentyabrında Qarabağın erməni əhalisinin “məcburən köçürülməsindən” söz açıb və məhz mövcud xüsusda Ermənistanda çevriliş “mən­tiqini” işə salıb. “Mən gördüm ki, ermənilərin Qarabağdan təcili uzaqlaşmaları üçün hər şey edilir. Gördüm ki, etnik təmizləməni təşkil edən əsas qüvvəni sıxışdıran və həm də ona dəstək verən xarici qüvvələr var. Niyə? Çünki onlar Ermənistanda hakimiyyət dəyişikliyinin baş­landığını elan etmişdilər. Resurslarının inqilab baxımından yetərli olmadığını görmüşdülər”, – deyən Paşinyan sözügedən resursların qarabağ­lılar hesabına qazanılması istəyinin mövcudlu­ğundan dəm vurub. 

Göründüyü kimi, erməni hökumət rəhbə­rinin söylədikləri Rusiyanı hədəfə almaqdan başqa bir şey deyil. Paşinyan əvvəllər də təx­minən eyni fikri səsləndirmiş, amma bu qədər detallı fantaziya qurmamışdı. Belə çıxır ki, Azərbaycan antiterror tədbirlərini Rusiyanın təhriki ilə həyata keçirib. Habelə, Moskva ça­lışıb ki, Qarabağ tez bir zamanda ermənisizləş­sin ki, bu amil Ermənistanda dövlət çevrilişi ilə nəticələnsin. Heç şübhəsiz, Nikol fərziyəsi ilə haqqında söz açdığımız “qırmızı xətləri” tam şəkildə keçir. Onun tərəfdarları isə rusiyalı jur­nalistlər Marqarita Simonyanın və Vladimir So­lovyovun antiterror tədbirləri zamanı erməniləri İrəvan küçələrinə çıxmaq və hökumət əleyhinə aksiyalarda iştirak yönümlü çağırışlarını əldə bayraq edirlər. 

Əlbəttə, Kremlə münasibətdə erməni ha­kimiyyəti və cəmiyyəti tandeminin fəaliyyətdə olduğu aşkardır. Bu tandemin oyunçuları bütün siyasi etika hədlərini aşırlar. Deməli, guya, er­mənilər Qarabağda qalacaqmışlar, Rusiya və Azərbaycan birləşib buna imkan verməyib. Görəsən, həmin ermənilərin Qarabağdan çıx­malarına görə xaricdən külli miqdarda vəsait alan kimdir? Əlbəttə, Paşinyan iqtidarı. Digər tərəfdən, saxta Qarabağ niskilini erməni avan­türasının alətinə çevirib beynəlxalq siyasət yü­rüdən, anti-Azərbaycan təbliğatı aparan da Er­mənistan hakimiyyətidir. Bu təbliğatın başlıca məqsədindən isə yazının sonunda söz açacağıq. 

***

Paşinyan tərəfdarı olan jurnalist və ekspert cameəsinin təmsilçiləri bildirirlər ki, Qarabağ­dan Ermənistana köçən ermənilər arasında araş­dırma aparılıb, həmin şəxslər deyiblər ki, guya, bir çox hallarda rus sülhməramlıları onlara ev­lərini tərk edib Qarabağdan çıxmaq üçün cəmi bir-iki saat vaxt verib və sən demə, baş nazirin ermənilərin bölgədən çox sürətlə çıxmağa sövq edildiyi barədə iddiası insanların ifadələri ilə təsdiqlənir. 

Nikolun tərəfdarları daha konkret şəkildə vurğulayırlar ki, Rusiyanın məqsədi Qarabağın erməni əhalisi hesabına İrəvanda hakimiyyət əleyhinə güclü aksiya təşkil etmək olub. Belə bir niyyətin gerçəkləşməsi üçün qəsdən xəbər yayılıb ki, Paşinyan iqtidarı Qarabağdan gələn­ləri qəbul etmək istəmir. Bir sözlə, ortada Nikol və tərəfdarlarının uydurduqları və böyük hə­yasızlığa köklənmiş sərsəm məntiq var. Bunu bölgə ermənilərinin ərazidən çıxarkən Azərbay­can televiziyalarına açıqlamaları da təsdiqləyir. Həmin ermənilər heç bir təzyiqlə üzləşmədik­lərini, öz xoşları ilə ərazini tərk etdiklərini bil­dirirdilər. Əgər, həqiqətən total təzyiq halı var idisə, nəyə görə heç biri səsini çıxarmadı? Əl­bəttə, onlara təzyiq olub. Ancaq Azərbaycan və rus sülhməramlıları deyil, Paşinyan iqtidarı və keçmiş xunta rejiminin təmsilçiləri tərəfindən. 

Bəli, rəsmi İrəvan həmin vaxtdan başlaya­raq, etnik təmizləmə məntiqini daha yüksək səs­lə qabardıb (antiterror tədbirlərinədək bu təbli­ğat Qarabağdakı separatizmi saxlamağa xidmət edirdi – red.) və bunu özünün Azərbaycana qarşı beynəlxalq miqyaslı kampaniyasının tər­kib hissəsinə çevirib. Ancaq mövzuya hazırda diqqət yetirildiyi kimi “detallı yanaşma” olma­yıb. Tam aydındır ki, indi anti-Rusiya ovqatını fərqli formada körükləmək hədəf seçildiyindən, yeni cəfəng şeylər qabardılır. Cəfəngiyyatın baş texnoluqu isə Paşinyanın özüdür. 

***

N.Paşinyanın tərəfdarlarının üzərində da­yandıqları növbəti məqam budur ki, Azərbay­can–Ermənistan şərti sərhədində gərginlik yara­nanda, Ermənistandakı rusyönümlü müxalifətin aktivləşməsi gedib. Onlar bunu təbii proses kimi qiymətləndirmirlər. Anlamırlar ki, həmin müxalifətin etiraz etmək, hakimiyyətin siyasə­tini mübahisələndirmək ixtiyarı olub. Onların yanaşmaları keçmiş SSRİ-dəki repressiya döv­rünü xatırladır. Nikol və komandası müxalifəti, sanki, sinfi düşmən halına gətirir və mövcud xüsusda qabardılan da məhz Rusiya amilidir. Belə nəticə hasil olur ki, Ermənistanı sel bassa, yaxud ölkədə zəlzələ və digər təbii fəlakət baş versə, səbəbini Moskvada görənlər tapılacaq. Əlbəttə, bu, son dərəcə təhlükəli tendensiyadır. 

***

Paşinyan mətbuat konfransında bunları da deyib: “Necə oldu ki, 2021-ci ilin mayında parlament buraxılanda, baş nazir istefa verən­də, ölkədə hökumət və parlament olmayanda Azərbaycan qoşunları Ermənistan ərazisinə soxulub? Niyə istefa verməyimdən günlər əv­vəl işğal olmadı, amma istefadan sonra işğal etdilər? Digər tərəfdən, bizi hərbi əməliyyatlara başlamaqda günahlandırdılar”.

Reallıq budur ki, 2021-ci ildə Ermənistanda gərginlik pik həddə çatdı. Paşinyan məcburən istefa verdi və növbədənkənar seçkiyə getdi. Həmin vaxt diqqəti yayındırmaq üçün Nikola anti-Azərbaycan ritorikasını gücləndirmək la­zım idi. Müvafiq olaraq, anti-Rusiya ab-hava­sını da. Və Ermənistan hakimiyyəti özü qəsdən sərhəddə təxribat törətdi. Bu yolla daxildəki rusyönümlü müxalifətin xalq arasında dayaq qazanmasına əngəl yaratdı. Eyni zamanda, istə­di ki, diqqəti ölkənin işğalı amilinə cəmləşdirib cəmiyyətdə yerini möhkəmlətsin və bunun nə­ticəsində Paşinyanın lider obrazını canlandır­sın. Göründüyü kimi, hazırda vaxtilə tutulmuş bu yol fərqli interpretasiyada təqdim olunur. Əlbəttə, hədəflər dəyişmir. Anti-Rusiya və an­ti-Azərbaycan xəttini tutmaq Paşinyana Bakı ilə sülhdən yayınmaq üçün lazımdır və bunu edir. Şər və böhtan kimi klassik erməni xəstəliyinin elementləri dövriyyəyə girir. 

***

Paşinyan tərəfdarlarının dediklərində ciddi ziddiyyət də var. Onlar bir yandan bildirirlər ki, seçkinin keçirilməsi və Paşinyanın istefası Azərbaycana Ermənistan ərazisini işğal etmək, habelə iqtidarın devrilməsi üçün fürsət verdi, digər yandan isə deyirlər ki, guya, Azərbay­canın məqsədi seçkini pozmaq və beləliklə 2021-ci ildə de-fakto və de-yure Ermənistan Respublikasının buraxılmasına nail olmaq imiş. Sual yaranır: Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəyirdisə və buna görə “Azərbay­can Ermənistan ərazini işğal etmişdisə”, o za­man respublikanın buraxılması nəyə lazım idi? Ümumən, nə üçün seçki prosesi pozulsun? Axı hakimiyyəti dəyişmək istəyən qüvvə seçkini pozmalı deyil. Ən yaxşısı prosesə yönələn işlər görmək və qalib gəlməkdir. Göründüyü kimi, erməni aparıcı siyasi texnoloqları başlarını əməlli-başlı itiriblər. 

***

Nəhayət, Ermənistanın hakim komanda təmsilçilərinin və onlara yaxın dairələrin irəli sürdükləri daha bir tezis var. Onlar ölkənin əv­vəlki rəhbərliyini günahlandırmaq yolu tuturlar. Bildirirlər ki, guya, Ermənistanın məhvi məsələ­si 2018-ci ildən əvvəl də gündəmə gəlib. Bu adamlar ölkədə 1996–1997-ci illərdə yaşanan­ları, daha sonra 2003-cü il olaylarını, yəni sabiq prezident Robert Koçaryan iqtidarı tərəfindən sərt üsullarla müxalif etirazlarının dağıdılması­nı, 2008-ci il hadisələri zamanı hökumət əley­hinə aksiyalarda iştirak edən dinc nümayişçilə­rin öldürülməsini, habelə 27 oktyabr 1999-cu ildə ölkə parlamentindəki terroru önə çəkirlər. Belə dərinliklərə getməkdə isə heç bir məntiq yoxdur. Bu nəticəyə gəlirik ki, Ermənistanda Rusiyanın ölkənin dövlətçiliyini dağıtmaq plan­larının daha əvvələ aid olduğunu düşünənlər və məsələni ideologiya şəklinə salmaq yolu tutan­lar var. Yaxud onlar özləri-özlərini sərsəm ide­yaya inandırıblar. Axı necə ola bilər ki, Rusiya 2018-ci ilədək vassalı olan Ermənistanı məhv etmək barədə düşünsün? Bu, heç bir məntiqə sığmır. “Məntiq” isə budur: Guya, 2018-ci ildə N.Paşinyanın hakimiyyətə gəlməsi erməni döv­lətçiliyini məhvdən qurtarıb.

***

Bəli, ayının min oyunu bir armudun başın­dadır. Sonda bir daha deyək ki, erməni iqtidar nümayəndələrinin məqsədi Azərbaycanla sül­hdən yayınmaq, Cənubi Qafqazda barış mühi­tinin formalaşmasına maneçilik törətməkdir. Onlar yekun nəticədə böyük miqyaslı gərginli­yin Qərbin bölgəyə sahiblənməsi üçün vasitəyə çevriləcəyini düşünürlər. Paşinyanın və tərəf­darlarını ortaya atdıqları tezislər belə nəticə çıxarmağa əsas verir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət