Parçalanmış dünyadan birliyə və sülhə qapılar açaq!

post-img

Bu, XI Qlobal Bakı Forumunun tribunasından ucalan bəşəri çağırışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Artıq beynəlxalq miqyasda tanınmış Bakı forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, qlobal miqyası, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya gətirən nüfuzlu bir platformadır.

İki gündür dünyanın diqqəti Azərbay­cana yönəlib, planetin siyasi nəbzi Ba­kıda vurur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər qlobal problemlərin həlli yollarının birgə axtarışına dəvət edən və bu barədə dünya ictimaiyyətini mə­lumatlandıran olduqca vacib beynəlxalq diskussiya məkanına çevrilib. Elə bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi bey­nəlxalq miqyaslı tədbirlərə maraq getdik­cə artmaqdadır. Bu gün ölkələri və xalq­ları narahat edən məsələlərin müzakirə platforması missiyasını yerinə yetirən Bakıdan edilən çağırışların beynəlxalq aləmdə əks-səda verəcəyi şəksizdir. 

Budəfəki mövzusu “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractu­red World”) olan XI Qlobal Bakı Foru­muna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda dünyanın 70-dən çox ölkəsindən 350-dən artıq qonaq iştirak edir. 

“Sülhün bir addımlığındayıq”

XI Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün regionda və dünyada cərəyan edən hadisələrə geniş aspektdə toxunaraq, problemlərin həlli yolları barədə fikirlərini açıq şəkildə bildirib. “İndi biz Ermənis­tanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”, – deyən dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülhə bu qədər yaxın olmamışıq və bu, İkinci Qarabağ mühari­bəsinin nəticəsidir.

Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı bey­nəlxalq tədbirlərdən birinə çevrildiyinə diqqəti çəkən dövlət başçımız maraqlı müqayisə aparıb: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Fo­rumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platformadır”. 

Forum iştirakçılarına xitabən onlarla sonuncu görüşdən sonra dünyada və re­gionda bir çox hadisələrin baş verdiyinə diqqəti çəkən İlham Əliyev əsas geosi­yasi dəyişikliyin Azərbaycanın ərazi bü­tövlüyünün və suverenliyinin tam bərpası olduğunu qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”. 

Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğunu, etnik təmizləməyə məruz qaldığını xüsusi vurğulayan döv­lət başçısı, həmçinin əlavə edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü si­yasi iradəmiz, həmçinin potensialımız var. Güclü hərbi imkanlar və xalqın bir­liyi olmadan biz uğur qazana bilməzdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi birincisi, beynəlxalq hüququn tam pozulması, ikin­cisi isə belə bir ölkə üçün çox böyük iddia idi. Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər. Amma 2020-ci ilin sentyabr-no­yabrında bundan dərs götürdülər”.

Daha sonra çıxışında Fransa–Azər­baycan münasibətlərinə toxunan İlham Əliyev 1990-cı illərin əvvəllərində ikitərəf­li münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladıb, amma İkin­ci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına Parisin reaksiyasının qeyri-adekvat olduğunu vurğulayıb. Azər­baycan Prezidenti forum iştirakçılarını beynəlxalq qurumlarda ölkəmizə sank­siya cəhdləri, Fransanın Evian şəhərin­də Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumatlan­dırıb.

“Qlobal problemlər hər şeyə ziyan vurur”

XI Qlobal Bakı Forumundakı çıxışın­da BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder dünya ictima­iyyətinə müraciət edib. BMT rəsmisi bu gün sülh üçün vaxtın yetişdiyini vurğula­yıb:

“Qlobal problemlərin həllində sürət­lə hərəkət etməliyik. BMT Baş katibi dəfələrlə bəyan edib ki, bu, iqtisadiyyata və bir çox sahələrə ziyan vurur. Nə qə­dər ki, parçalanmış dünyada olacağıq, bu proseslər davam edəcək. Ona görə də bunu aradan qaldırmaq üçün səy göstərməliyik. BMT-nin bu gün 193 üzvü var. Biz atılan addımlarda yenilik etməli­yik. Bizim gələcəyimiz üçün nəzərdə tu­tulan danışıqlar davam edir”. Q.Rayder çıxışında bildirib ki, dünya ictimaiyyəti əsas problemlərin aradan qaldırılmasına çalışmalıdır. Onun sözlərinə görə, prob­lemlərin həlli üçün Qlobal kompakt sazişi təklif olunub: “Qlobal sazişin imzalanma­sı vacibdir”. Q.Rayder bu il Azərbaycan­da keçiriləcək COP-29-un böyük əhəmiy­yətə malik BMT tədbiri olduğunu da qeyd edib: “Azərbaycanın bu istiqamətdəki səylərini dəstəkləyirik”. 

“BMT nizamnaməsinin onurğa sütunu sülhdür”

Bu postulatı BMT Baş katibinin müa­vini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos XI Qlobal Bakı Forumunda çıxışı za­manı xatırladıb. “Dünyada ayrı-seçkilik, ədavət, irqçilik bitmək bilmir. Müxtəlif nöqtələrdə qarşıdurmalar, silahlı toqquş­malar, parçalanmalar davam edir. Multi­kulturalizm parçalanmış vəziyyətdədir. Şərq və Qərb arasında birgə maraqlar naminə bu problemlər aradan qaldırılma­lıdır. Fundamental insan hüquqlarına gəl­dikdə, insanlar birgə addım atmalıdırlar”. Dünyanın parçalanma səbəblərindən söz açan cənab Moratinos qlobal sülhün ol­mamasının səbəbini yanlış və zəif idarə­çilikdə gördüyünü, bu amilin ciddi təsir göstərdiyini qeyd edib: “Biz danışıqları mövcud vəziyyəti dondurmaq üçün yox, həll etməyə görə aparmalıyıq”.

“Zəngəzur dəhlizi mütləq açılmalıdır”

Bakı Forumunun gedişində jurna­listlərə açıqlama verən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, Ermənis­tan Qarabağ münaqişəsinin həllindən sonra blokadadan çıxmaq üçün fürsət əldə edib: “Bu ölkənin konstitusiyası də­yişməli, Ermənistan separatçı məqsəd­lərindən əl çəkməlidir. Zəngəzur dəhlizi mütləq açılmalı, eyni zamanda, gerbdən Ağrı dağının simvolu çıxarılmalıdır”.

“Köhnə sistem dünyanı təhlükələrdən qorumur”

Bu fikirləri BMT Baş katibinin müavi­ni, qurumun İnsanın İmmunçatışmazlığı Virusu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima forumda çıxışı zamanı deyib. Həmçinin Qoşulma­ma Hərəkatına gətirdiyi canlanmaya görə Prezident İlham Əliyevə təşəkkür edən BMT rəsmisi həmin qurumda qadınlara böyük üstünlük verilməsini yüksək qiy­mətləndirib. V.Byanyima dünyanın üz­ləşdiyi təhlükədən də danışıb: “Dünya­mız çoxsaylı seysmik şoklardan keçir və köhnəlmiş sistem buna cavab verə bilmir. Ona görə də planetimizi sığortalamağı­mız üçün dəyişiklik çox böyük olmalıdır. Artıq azad bazarlar paradiqması tükənib. Xalqlarımız arasında bərabərsizlik yük­səlir. Bu baxımdan Qlobal Bakı Forumu kimi platformaların əhəmiyəti böyükdür”. 

“Pandemiya səhiyyəni iflic etdi” 

“Səhv informasiya axını səbəbindən dövlətlər və hökumətlər arasında inam sarsıldı”. Bu fikirləri Ümumdünya Sə­hiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus forumdakı çıxışında bildirib. “Bəs biz pandemiyanın səhvlərindən nəticə çıxara biləcəyikmi? Hazırda ÜST bütün üzv dövlətlərlə birgə saziş üzrə danışıqlar aparır ki, pande­miya zamanı yaşanan çatışmazlıqların aradan qaldırılması üçün baza yaran­sın. Gəlin, növbəti doqquz həftədə sazişi başa çatdırmaq üzərində işləyək”, – deyə əlavə edib. ÜST-nin baş direktoru, eyni zamanda, pandemiya dövründə Prezi­dent İlham Əliyevin göstərdiyi səyləri alqışlayıb, buna görə Azərbaycan dövlə­tinə və xalqına təşəkkürünü bildirib.

“Bakı COP29-un öhdəsindən layiqincə gələcək”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Baş nazir Rişi Suna­kın Bakı forumuna göndərdiyi məktubunu iştirakçıların diqqətinə çatdırıb. Baş nazir məktubunda Azərbaycanın BMT-nin İq­lim Dəyişikliyi üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessi­yasının (COP29) öhdəsindən layiqincə gələcəyini və tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyi ifadə edib.

Ölkəsinin COP26 təcrübəsini bö­lüşməyə hazır olduğunu, Britaniyanın COP29-da Azərbaycanın yanında ola­cağını bildirən hökumət başçısı məktu­bunda dünyadakı enerji siyasətinə də toxunub: “Biz dünyada ədalətli enerji si­yasətinin müəyyən edilməsinin zərurətini anlayırıq. İqlim dəyişikliyinin aradan qal­dırılması üçün trilyonlarla vəsait səfərbər edəcəyik”.

“Dünyanın bərpası üçün “körpülər” salınmalıdır”

Bakı Forumunda çıxış edən Alba­niya Prezidenti Bayram Beqay bildirib ki, Ukraynada davam edən müharibə sülhün qısa zamanda pozula biləcəyini göstərdi: “Avropadakı problemlər qapı­mızın kandarındadır. Biz təhlükəsizliklə bağlı gücümüzü birləşdirməliyik. Albani­ya NATO-nun qabaqcıl tədbirlərinə töhfə verən ölkə olub. Albaniya dialoq və dip­lomatiyanı təşviq etməkdə ön sıralarda yer alıb”. B.Beqay hesab edir ki, gələcək çiçəklənən, sülh içində olan Avropadan keçir: “Biz qonşuluq siyasətinin davam etdirilməsinə həm ölkəmizdə, həm də ölkəmizdən kənarda hazırıq. Artıq vaxt yetişib, dostluq, əməkdaşlıq yolunda irə­liləməliyik. Parçalanmış dünyanın bərpa­sı üçün “körpülər” salmalıyıq. Bu da sül­hü təşviq edə bilər”.

* * * 

“Bakı Forumu qlobal qarşılıqlı fəaliy­yət üçün mühüm platforma və rifah üçün hərəkətverici qüvvədir”. Bu sözləri İspa­niyanın keçmiş xarici işlər naziri Ana Pa­lasio forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, daha açıq cəmiyyət yarat­maq üçün bu prosesdə siyasi cəhətdən daha fəal iştirak etmək lazımdır.

“Forum dünyanı narahat edən problemləri müzakirə edir”

“İlin sonunda Azərbaycanda COP29 baş tutacaq. Bu tədbir dünyada bizim hamımıza təsir edəcək qərarların qəbulu baxımından çox əhəmiyyətlidir”.

Latviyanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsəd­ri xanım Vayra Vike-Frayberqa jurnalist­lərə açıqlamasında belə deyib.

“Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər bütün dünyanı narahat edən mövzulardır. Biz parçalanmış bir dünyanı bərpa etmək mövzusu seçmişik. Bu, dünyadakı problemləri düzəltmək üçün insanların nə edə biləcəyini, ölkələ­rin nə edə biləcəyini ifadə edir”, – deyə o, əlavə edib. Vike-Frayberqanın sözlərinə görə, bu forumda təklif və ideyaların din­lənilməsi gözlənilir və bunlar bu il keçirilə­cək qlobal qərar qəbuletmə tədbirlərində təqdim olunacaq.

“Şəxsi maraqların üstün tutulduğu dövrdəyik”

“Biz hazırda elə bir dövrdə yaşayırıq ki, şəxsi maraqlar hər şeydən üstün götü­rülür”. Bu sözləri Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelka Cvi­yanoviç Bakı Forumunda çıxışı zamanı deyib. O, həmçinin əlavə edib: “Biz para­doksal bir dövrdəyik, dünyada baş verən parçalanmaları müşahidə edirik. Mütləq bu böhranın mənbələrini araşdırmalıyıq. Xaotik dünyaya son qoymaq üçün biz nə edə bilərik? Bunun üzərində düşünməli­yik. Bakı forumu həmin məsələlərin ara­dan qaldırılmasına xidmət edə bilər”.

* * *

Qeyd edək ki, martın 16-dək davam edəcək XI Bakı Qlobal Forumunun pa­nel iclaslarında COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal mü­zakirələr aparılacaq, yeni dünya nizamı­na təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salına­caq. Forum iştirakçıları bu gün və sabah dünyanı sarsıdan münaqişələrə, o cüm­lədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunacaqlar. Bundan başqa, qlobal idarəetmədə hərbi və iqti­sadi ittifaqların rolu, regional perspektiv­lər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, təbii ehtiyatların azlığı və miqra­siya məsələləri, eləcə də süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müza­kirələr aparılacaq.

Arzu NAĞIYEV, 
Milli Məclisin deputatı 

Son vaxtlar Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi onu göstərir ki, dünya Azərbaycanın daxili və xarici siyasətini dəstəklə­yir, eyni zamanda ölkəmizin suve­renliyini, ərazi bütövlüyünü bərpa etməsini, xalqın rifahının yaxşılaş­dırılması istiqamətində hökumətin fəaliyyətini təqdir edir. Bakı Qlobal Forumunun mövzusu “Parçalanmış dünyanın bərpası”dır. O da məlum­dur ki, forumda COP28-in nəticələri və COP29-a hazırlıq məsələləri ət­rafında da müzakirələr gedəcək. 

Bakı forumunun iştirakçıları tərəfindən, həmçinin yeni dünya nizamına xələl gətirən amillərə, təhlükəsizlik, planetdə möhkəm sülhün bərqərar olması istiqamətlə­rində ciddi müzakirələr aparılacağı gözlənilir. 

Forumda diqqət yetiriləcək əsas mövzulardan biri də iqlim, qida və nüvə təhlükəsizliyi olacaq. Bu problemlərin hərtərəfli müzakirə ediləcəyi gözlənilir. Mövzusundan da göründüyü kimi, XI Bakı Qlobal Forumu nüfuzlu beynəlxalq təşki­latların, dövlət və hökumət rəsmilə­rinin qatıldığı çox mötəbər tədbirdir. Aydın məsələdir ki, forum iştirak­çıları Avropa İttifaqı, quruma üzv ölkələrin qonşuları ilə münasibət­ləri, qlobal çağırışlara davamlılığın artırılması, gələcək perspektivlər, qeyri-bərabərliyin aradan qaldırıl­ması, təbii ehtiyatlardan istifadə, miqrasiya problemi, süni intellekt kimi məsələləri də müzakirə edə­cəklər. 

Qlobal idarəetmənin nə­dən ibarət olduğu, bunun iq­tisadi, mədəni, hətta mənə­vi cəhətdən hansı faydanı verəcəyi, müsbət tendensiyalara səbəb olacağı da müzakirə pred­metinə çevriləcək mövzulardandır. Bəli, Azərbaycan çox nüfuzlu bey­nəlxalq tədbirlərə evsahibliyi edir. Hesab edirəm ki, bu, dövlət başçı­mızın rəhbərliyi ilə həyata keçirilən düzgün siyasətin bariz nümunəsi­dir.

İmran BƏDİRXANLI
XQ



Siyasət