Erməni keşişin dillə diş qırmaq hədyanı
Diş çox zəruri orqandır. Onun sağlam və möhkəm olmasından təkcə mədənin həzm prosesi deyil, bütövlükdə, orqanizmin həyat fəaliyyəti asılıdır.
İndi siz bir erməni keşişin diş haqqında “balladasına” diqqət yetirin: “2020-ci il müharibəsi zamanı Azərbaycanın dişlərini sındırmalı idik. Erməni xalqının belə imkanı var idi, amma hakimiyyət bundan əl çəkdi. Əgər bunu etsəydik onlar daha 30 il təcavüzü unudacaqdı”.
Erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan iki gün əvvəl “NEWS.am” saytının müxbirinə Qarabağ barədə “siyasi ekspert” qismində açıqlama verib: “Həyat göstərir ki, “torpağın bir qarışını da verməyək” yanaşması maksimalizm deyil, zərurət idi. Və mən bu prinsipə əməl edirəm. Türklər qərar verdikdə Ermənistan ərazilərinin təslim edilməsi mərhələsi dayanacaq. Amma türklər dayanmayacaq, çünki onlar ermənilərdən fərqli olaraq “bir qarış torpaq da vermərik” prinsipinə əməl edirlər.
Arxiyepiskop Acapayan hesab edir ki, indiki hakimiyyət bir vaxtlar bu yanaşmaya riayət etmək istəyən erməniləri məsxərəyə qoyub. “İndi onlar “bir qarış torpaq da işğalda qalmayacaq” prinsipini diktə edən azərbaycanlıları ələ salmağa çalışsınlar”. Xaça qulluq edən, təbəələrinə humanizmdən saxta moizələr oxuyan erməni keşişi milli naqisliyini, qonşularına qarşı xəstə nifrətini heç cür gizlədə bilmir: “Sizi məhv etmək istəyən qonşularla sülh mümkündürmü? Hakimiyyət buna inanırsa, qoy, o dörd kəndi də versin”.
Əlbəttə, otuz il əvvəl işğal etdiyiniz, sərhədimizə bitişik həmin dörd kəndi də, anklav dediyniz o biri dörd kəndi də, hələlik, xoşluqla istəyirik. Dinə-imana gəlib, ağlınızı başınıza toplayıb halal torpaqlarımızı qaytarmasanız, onda hansı tədbirlərlə onları geri qaytara biləcəyimizi özünüz bizdən yaxşı bilirsiniz.
* * *
Bu, həmin “dişsındıran” Mikael Acapayandır ki, bir il bundan əvvəl ermənilərin millət, xalq kimi hələ formalaşmadığını bəyan etmişdi. Nəinki bəyan etmişdi, hay soydaşlarının milli hislərini aşağılamışdı: “Xalqımızın yaşı beş min il deyil. Biz Vətən hissi olmayan, başqa dövlətlərin hesabına yaşayan qaraçılardan bir az yaxşıyıq, ya da pisik”. Ermənilərin xəstəliyinin milli lovğalıqda olduğunu açıq söyləyən Acapayan millət olaraq özlərini ən aşağı pillədə görsə də, ermənini “ruslardan üstün, türklər və azərbaycanlılardan isə müqayisə olunmayacaq dərəcədə yüksəkdə” görürdü. Dediklərinə özü şəkk gətirən erməni keşiş “miatsum” diaqnozlu xəstə millətinə ritorik sual ünvanlayır: “Bəs, əgər biz yüksəkdəyiksə, o zaman ölkəmiz niyə bu qədər kiçikdir və bu gün niyə bu qədər acınacaqlı vəziyyətdəyik?”. O, bu qənaətə bir il əvvəl gəlmişdi.
Bir ay bundan əvvəl isə belə deyirdi: “Bundan sonra hakimiyyətə gələn istənilən şəxs bu acı həqiqəti deməlidir: Qarabağı, Naxçıvanı, Qarsı gələcək nəsillər qaytara bilər. Yox, əgər, o, “Qarabağı qaytaracağıq” desə, böyük səhv etmiş olar. Bir daha deyirəm, bu, mümkün deyil. İndi bizim qarşımızda bir vəzifə durur – İrəvanı qorumaq”.
Nəhayət, dini–fəlsəfi gəlişmələrinin sonunda Acapayan belə bir məntiqi qənaətə gəlir: “Erməni milləti xəstədir və onu sağaltmaq lazımdır ki, sasunlu davidlər çox olsun, qorxaq verqolar isə az olsun”.
“İştah diş altındadır” – deyirlər. Amma dişin altına da gərək onun sındıra biləcəyi qidalar qoyulsun. Daha tamahına qul olub Azərbaycan qozunu sındırmağa girişməyəsən. Bax onda dişindən də olarsan, qozdan da. Deyəsən, erməni arxiyepiskopu Mikael Acapayan nəyə və kimə dış qıcadığının hələ də fərqində deyil. Nə olar, cürəti çatırsa, qoy bəxtini bir də sınasın. Onda bilər ki, dişi dil ilə – sözlə sındırmaq olmaz.
İ.HƏSƏNQALA
XQ