Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platforması getdikcə daha çox aktuallıq kəsb edir. Artıq əksər ölkələr qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinə qarşı mübarizə sahəsində səyləri birləşdirməyə çalışırlar. Bir sözlə, karbon emissiyalarından istifadəni sıfır səviyyəsinə endirməyi hədəfləyən dünya ölkələri bərpaolunan enerji potensialından səmərəli istifadəyə can atır, bir sıra yeni çağırışlarla çıxış edirlər.
Dünən Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” mövzusunda keçirilən forumda da bir sıra önəmli fikirlər səsləndirilib, bəzi vacib məqamlara toxunulub. Tədbirdə “yaşıl” iqtisadiyyat istiqamətində məhsul və xidmətlər bazarının inkişafı, bərpaolunan enerji, yaşıl nəqliyyat, məişət və qida tullantılarının təkrar emalı, o cümlədən bu istiqamətdə qəbul edilən normativ hüquqi aktların istehlakçı davranışlarına və istehlak bazarına mümkün təsirləri barədə müzakirələr aparılıb.
Dövlət qurumlarının nümayəndələrinin, biznes assosiasiyaları təmsilçilərinin, sahibkarlar və digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, “yaşıl iqtisadiyyat”ın inkişafı məqsədilə institusional islahatlar həyata keçirilir, texnologiyaların inkişafı ilə bağlı fəaliyyət genişləndirilir. Eyni zamanda, ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasının prioritet olduğunu xatırladan nazir müavini qeyd edib ki, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Nazir müavini bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbir Azərbaycan tarixinin ən mötəbər və məsuliyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə ev sahibi seçilməsini yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsi kimi dəyərləndirən S.Məmmədov deyib ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platforma ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb.
Diqqətə çatdırılıb ki, böyük enerji şirkətləri ilə icra edilən “yaşıl” layihələrin Azərbaycanın təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb. Nazir müavininin dediyinə görə, qlobal iqlim dəyişikliyini nəzərə alan Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilən 5 prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Çıxış zamanı yaşıl transformasiya, onun istehlakçılara təsiri və bu istiqamətdə atılan addımlar, həmçinin standartların və metrologiyanın “yaşıl iqtisadiyyat”da rolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Dövlət Xidməti “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi üçün dövlət satınalmalarına nəzarət sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, “Yaşıl dövlət satınalmaları” konsepsiyası və layihələrinin ölkəmizdə tətbiq olunması məqsədilə aidiyyəti tədbirlər görür.
Xidmət rəisi, həmçinin deyib ki, Azərbaycanda “yaşıl enerji”yə keçid, bərpaolunan enerji potensialı, külək və günəş enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu istiqamətlərdə, eləcə də istehsal proseslərində, sənaye, ticarət, səhiyyə, ekologiyanın mühafizəsi, energetika sahələrində texniki maneələrin aradan qaldırılması nəticəsində istehlakçıların hüquqlarının qorunması üçün keyfiyyət infrastrukturunun düzgün yerinə yetirilməsinin, metrologiya və standartlaşdırmanın əhəmiyyəti böyükdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə öz növbəsində “yaşıl” iqtisadiyyata keçid üçün “yaşıl təfəkkür”ün formalaşmasının zəruriliyini qeyd edib. Bu çərçivədə təbii resurslar, xüsusilə də su və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunmasının əhəmiyyətindən bəhs olunub. İstehlakçıların tükənə bilən resurslara xüsusi diqqət yetirmələri və bu istiqamətdə dünyada mövcud olan praktiki təcrübələr vurğulanıb.
Forum “yaşıl iqtisadiyyat”a keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırovun moderatorluq etdiyi panel müzakirələrində Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Dövlət Agentliyinin hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov, Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev iştirak ediblər. Panel çıxışları zamanı yaşıl istehlak və onun ətraf mühitin mühafizəsinə təsirləri, yaşıl nəqliyyat və təmiz ekoloji mühitin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, ekoloji faydanın təqlidi təcrübəsi və ona dair biznes nümunələri vurğulanıb. İştirakçılar, həmçinin bərpaolunan enerji, məişət və qida tullantılarının təkrar emalı, o cümlədən bu istiqamətdə qəbul olunan normativ hüquqi aktların istehlak bazarına mümkün təsirlərini müzakirə ediblər.
Mirbağır YAQUBZADƏ
XQ