Qeyri-neft sənayesinin iqtisadi çəkisi və gəlirləri artır

post-img

İlin 2 ayında bu sektora yönəldilən investisiyaların həcmi 17,1 faiz yüksəlib

Bu gün real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında mühüm dəyişikliklər baş verir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması davamlı xarakter alır. Azərbaycan xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevrilir. Bu sahədə artıq ciddi uğurlar qeydə alınır.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiya­sında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələ­cəkdə qeyri-neft sektorunda daha yük­sək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. 

Beynəlxalq təşkilatların keçirdiklə­ri sorğuların nəticələri, eləcə də rəs­mi rəqəmlər də sözügedən məqsədin gerçəkləşəcəyi əminliyini yaradıb. Bu, Dövlət Statistika Komitəsindən aldığı­mız məlumatda da öz təsdiqini tapıb. Belə ki, təkcə cari ilin yanvar-fevral ay­larında sənayenin qeyri-neft-qaz sahə­sində məhsul istehsalı 11,2 faiz artıb. Sənaye məhsulunun 63,9 faizi mə­dənçıxarma, 29,5 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlən­məsi və emalı sektorlarında istehsal olunub.

Sənaye müəssisələri və bu sahə­də fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Emal sektorun­da istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə, metallurgiya sə­nayesi məhsullarının istehsalı 75,9 faiz, əczaçılıq məhsullarının istehsalı 51 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, maşın və avadanlıqların quraşdı­rılması və təmiri işləri 34 faiz və toxucu­luq sənayesi məhsullarının istehsalı 6,7 faiz çoxalıb. 

Sözügedən dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalının artımı, əsasən, investisiya qyuluşu ilə bağlı olub. Dövlət Statistika Komitəsi­nin məlumatına görə, ilin ilk 2 ayında bu sahəyə yönəldilən investisiyaların həcmi 17,1 faiz yüksəlib. İstifadə olunan inves­tisiyanın 1 milyard 440 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 134 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Qeyd edək ki, əsas kapitala yönəl­dilən investisiyaların 2 milyard 121 mil­yon manatı və ya 80,4 faizi daxili inves­tisiyalar olub. Bu göstəricinin 1 milyard 921 milyon manatı və ya 72,8 faizi bila­vasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Yeri gəlmişkən, son illərdə qeyri-neft sektoru üzrə büdcə gəlirlərində də ar­tım müşahidə olunub. Maliyyə Nazirliyi­nin məlumatına əsasən, ötən il bu sahə üzrə büdcə gəlirləri ümumi daxilolma­ların 49 faizini faizini təşkil etməklə 17 milyard 418 milyon manat məbləğində icra edilib. Bu da proqnozla nəzərdə tu­tulduğundan 1 milyard 268 milyon ma­nat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2 milyard 68,4 milyon manat və ya 13,5 faiz çoxdur.

Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullar­la inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac im­kanları yaradan, eləcə də müasir texno­logiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliy­yətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. 

Bu mərhələdə qeyri-neft sənayesi­nin inkişafı ölkəni karbohidrogen daşı­yıcılarının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili is­tehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnmə­sinə xidmət edir. Son illərdə respubli­kada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif bölgələrdə sənaye parkları­nın yaradılması, daxili tələbatın ödə­nilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir.

Son illər yaradılan qeyri-neft səna­ye müəssisələrinin keyfiyyətli məhsul istehsal etmək potensialı onların xarici ölkələrdəki alıcılarının sayını getdikcə artırıb. Məhz bunun nəticəsidir ki, cari ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qey­ri-neft sektoru üzrə ixrac 222 milyon dollar təşkil edib. Bu müddətdə yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məh­sulları üzrə ixrac isə 151,6 milyon dolla­ra bərabər olub. 

Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisi­ya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazar­ları, qonşu ölkələrlə yaxşı işgüzar mü­nasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də, belə demək mümkünsə, bu cür əlverişli mü­hitin məhsuludur. Bu istehsal sahələ­rində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təş­kilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. 

Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezident­lər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasın­da gerçəkləşdirilir. Dövlət vəsaiti he­sabına yaradılan müasir infrastruktur iş adamlarına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələ­rinə imkan yaradır. Bütün bunlarla ya­naşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən tor­paq sahələri, həmçinin hazır tikililər isə uzunmüddətli icarəyə verilir.

Qeyri-neft sektorunda uğurlu göstə­ricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sis­temli surətdə həyata keçirilən sənaye­nin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şü­bhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayır­ma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturu­na malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ix­rac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artı­rılmasına da əhəmiyyətli təsir göstərib. 

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrü­bəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiq­tisadi sabitlik, investorların hüquqları­nın etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlər­dən biri kimi tanıdır. 

Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublika­mızın investisiya cəlbediciliyini şərt­ləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilmə­si daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan­da təhlükəsiz rəqəmsal ödəniş həlləri­nin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güc­lü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat