Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gulay Həsənovanın bildirdiyinə görə, Azərbaycan–Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində yaradılan minik avtomobillərinin istehsalı kompleksinin 2025-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
G.Həsənova qeyd edib ki, investisiya həcmi 104 milyon manat olan kompleks İqtisadi Zonaların İnkişafı Agentliyi, “Uzavtosanoat” SC və “Azərmaş CP” MMC arasında imzalanmış “Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi” haqqında əməkdaşlıq memorandumuna əsasən yaradılır.
“Uzavtosanoat” SC ilə “Azərmaş CP” MMC-nin reallaşdırdığı avtomobil istehsalı müəssisəsinin bünövrə işlərinə 2023-cü ilin noyabr ayında başlanılıb.
Yeni tikilən zavod yığım xəttinin təkmilləşdirilməsi, boya və qaynaq mərhələsinin lokallaşdırılması yönümlü olacaq. Burada, ilk növbədə, “Cobalt”, “Onix”, “Tracker” modellərinə üstünlük veriləcək. Müəssisənin illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulub.
XQ