Martın 14-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruvendrini Menikdivela ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildiriblər ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.
Ruvendrini Menikdivela Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə mübarizədə nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb, bu istiqamətdə hazırkı postmünaqişə dövründə BMTQAK-ın məcburi köçkünlərin qayıdışı çərçivəsində mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
* * *
Həmin gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin digər ixtisaslaşmış qurumları ilə olduğu kimi, Beynəlxalq Miqrasiya Təşkilatı ilə də sıx əməkdaşlığının olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.
Uqoçi Daniels ölkəmizi COP29-a evsahibliyi münasibətilə təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb. Miqrasiya siyasətinin inkişafı, məcburi köçkünlərin öz torpaqlarına qayıdışının təmininə uğurla nail olan ölkəmizin bu məsuliyyətli tədbirin təşkilində də uğur qazanacağına dair inam ifadə edilib, habelə Beynəlxalq Miqrasiya Təşkilatının da öz növbəsində prosesə mümkün dəstəyi göstərməyə hazır olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ