Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq Respublikasının nümayəndə heyətinə isə, bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Ahmed Ali Ameen Al-Sadi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən, sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən, məhkum şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
XQ