Almaniya deputatı: Qarabağ həmişə Azərbaycan ərazisi olub

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Azərbaycan parlamentində sa­lamlayan spiker bu səfərin ölkələrimiz və par­lamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Almaniyanın dost və tərəfdaş ölkələr olduğunu, hər iki tərəfin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inki­şafında maraqlı olduğunu qeyd edib. 

Görüşdə ikitərəfli münasibətlərin inkişa­fında yüksək səviyyəli siyasi dialoqun, xü­susilə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu vurğulanıb. Milli Məclisin sədri Prezident İlham Əliyevin bu il Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivə­sində də kansler Olaf Şoltsla görüşdüyünü və müzakirələr apardığını xatırladıb.

S.Qafarova Münxendə Azərbaycan Pre­zidenti və Ermənistan baş nazirinin Kansler Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəldi­yini, son 2 gündə isə Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazir­lərinin də sülh sazişi üzrə danışıqlar apardı­ğını xatırladaraq bu məsələdə Almaniyanın neytral mövqeyini müsbət qiymətləndirib. O, qarşı tərəfin diqqətinə çatdırıb ki, Ermənistan yalan və həqiqətdən uzaq iddialarla çıxış edir və beynəlxalq ictimaiyyəti yanlış məlumat­landırmağa çalışır.

Görüşdə qeyd edilib ki, bu gün Qərbdəki bəzi dairələr Azərbaycanın, guya, Ermənista­na hücum edəcəyi haqda absurd, yalan iddia­lar ortaya atır. O, bir daha vurğulayıb ki, bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə geniş­miqyaslı bərpa və quruculuq işləri aparır və yeni şəhərlər, kəndlər salınır. Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köç­künlər öz torpaqlarına qayıdırlar. Belə oldu­ğu halda, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar tamamilə qəbul-edilməzdir.

Sədr, həmçinin bu gün Avropada bəzi dairələr tərəfindən Azərbaycana qarşı ikili standartları kəskin tənqid edib. Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib. Azərbaycan özü ərazilərini işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını tə­min edib. 

Bundestaqın Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker görüş və müzakirələr aparılması üçün imkan yaradıl­masına görə minnətdarlığını bildirərək regi­ona səfərlərinin məqsədləri barədə məlumat verib. O, sülh sazişinin imzalanması, etimad mühitinin yaradılması üzrə danışıqları dəstək­lədiklərini bildirərək, deyib ki, Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azər­baycanla birlikdədir. Komitə sədri vurğulayıb ki, Qarabağ beynəlxalq hüquq baxımından hər zaman Azərbaycanın ərazisi olub. Eliza­bet Vinkelmayer-Beker ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar müsbət nəticə verəcək və tərəflər arasında sülh sazişinin im­zalanması mümkün olacaq.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər