Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.
Ali Məclisin sədr müavini Anar İbrahimov iclasın gündəliyində duran birinci məsələ ilə bağlı bildirib ki, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə 6 oktyabr 2023-cü il tarixdə dəyişikliklər edilib. Ali Məclisin Daxili Nizamnaməsində həmin dəyişikliklərə müvafiq uyğunlaşdırma aparmaq məqsədilə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb və Hüquq siyasəti komitəsində müzakirə olunub.
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis sədrinin müavini Anar İbrahimov qeyd edib ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və buna müvafiq olaraq qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının dəqiq siyahısı müəyyən edilib. Müvafiq normativ hüquqi aktlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çap mediası subyektinin təsisçisi olmaq səlahiyyəti nəzərdə tutulmayıb. Belə olan halda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin təsisçisi qismində çıxış etməsi mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. Ali Məclisin qanunvericilik təşəbbüsü hüququ əsasında “Media haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişiklik edilməsi məqsədilə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Deputat Asim Əliyev “Şərq qapısı” qəzetinin muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni həyatındakı rolundan, ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərdə muxtar respublikanın, ümumilikdə, Azərbaycanın gələcək taleyi ilə bağlı verilən mühüm qərarların qəzet vasitəsilə xalqa çatdırılmasında xidmətindən danışıb.
Anar İbrahimov bildirib ki, ”Şərq qapısı” qəzeti Ali Məclisin normativ hüquqi aktlarının dərc olunduğu yeganə qəzetdir. Bundan başqa, qəzet Ulu öndər və Naxçıvanın böyük irsinin tərkib hissəsidir. Ümid edirik ki, buna görə də Milli Məclis məsələyə həssas yanaşacaq, qanunda müvafiq dəyişiklik həyata keçiriləcək.
“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi oxunduqdan sonra səsə qoyularaq qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Turan Məmmədli, Yeganə Məmmədova, Aidə Allahverdiyeva, Esmira Həsənova və Əmir Babayev içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması və digər mövzularda çıxış ediblər.
Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.
XQ