BP-nin Azərbaycan təhsilinə növbəti töhfəsi

post-img

Dünən M.F.Axundov adına Milli Kitabxanada BP–Azərbaycan şirkəti beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti  dərsliklərin Azərbaycan dilinə tərcümə olunmuş nəşrlərinin təqdimatını keçirdi. 

Təqdimat mərasimini giriş sözü ilə açan şirkətin xarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı bildirdi ki, BP şirkəti ölkəmizdə fəaliyyət göstərdiyi 31 il ərzində təhsilə dəstək verməyi özünün sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. İndiyədək şirkətin maliyyə dəstəyi ilə 24 kitab Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunub. Qeyd olundu ki, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri təhsil layihəsinin davamı kimi daha 5 kitabın tərcüməsi davam edir və həmin dərs vəsaitlərinin təqdimatı gələn ilə planlaşdırılır.

M.F.Axundov adına Milli ­Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək BP–Azərbaycan şirkətinin təhsilimizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Qeyd olundu ki, yeni kitabları tələbələrin iqtisadi biliklərinin artrılması istiqamətində dəyərli mənbə hesab etmək olar.  

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd etdi ki, bu gün ictimaiyyətə təqdim olunan beş kitab indiyədək Azərbaycana gətirilmiş 19 qabaqcıl beynəlxalq dərsliyin siyahısına dəyərli əlavədir. Bu kitabların yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edildiyini diqqətə çatdıran vitse-prezidentin sözlərinə görə, yeni nəşrlərin hamısına, həqiqətən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsliklərdəndir. “Nəzərə alsaq ki, bu dərsliklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitablara birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək”,– deyə o, əlavə etdi. 

Təqdimat mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov və Bakı Dövlət Univesitetinin rektoru Elçin Babayev çıxış edərək ölkəmizdə bir sıra sosial layihələr həyata keçirən “BP-Azərbaycan” şirkətinin bu nəcib təşəbbüsünü yüksək dəyərləndirdilər. 

Qeyd edək ki, şirkətin maliyyə dəstəyi ilə tərcümə olunaraq nəşr edilən kitablar aşağıdakılardır:

1. Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar). Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr.

2. Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik). Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr.

3. İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A.Benassi-Küer, B.Köre, P.Jake, J.Pizani-Ferre). Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr.

4. İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E.Vitman, Herbert C.Mattord). Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr.

5. Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş). Nəşriyyat: Gefen, 2022.

BP-nin yerli universitetlərə, ­kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsi olan bu dərsliklərin çap edilmiş 2 min  nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli  “Teas Press” nəşriyyat evinin onlayn platformalarında yerləşdirilib.

XQ

 

Son xəbərlər