Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verib

post-img

Fevralın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü il yaz sessiyası üzrə növbəti plenar iclası keçirildi. 

Parlamentin Sədri əvvəlcə fevralın 7-də baş tutmuş növbədənkənar pre­zident seçkilərininn yekunu və Milli Məclisdə keçirimiş Prezidentin andiçmə mərasiminə münasibət bildirdi. O dedi ki, bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş verdi. Demokratik və şəffaf şərait­də keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlə­rinə verilən yüksək qiymətin ifadəsidir. 

Ölkəmizin bütün ərazisində keçi­rilən növbədənkənar Prezident seçkilə­ri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil oldu. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etdi, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirdi.

Milli Məclis adından möhtərəm cənab Prezidenti yenidən dövlət başçısı seçil­məsi münasibəti ilə təbrik etdiyini deyən S.Qafarova Prezidentin andiçmə mərasi­minin Milli Məclisdə keçirilməsinin ənənə halını aldığını bildirdi və bunu qürurverici hesab etdi. Qeyd etdi ki, fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə möhtərəm Prezident ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələ­bələrlə dolu olan illər kimi dəyərləndirdi. Eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi ilə dövlətimizin ərazi bütövlüyü­nün və suverenliyinin bərpasının həll edil­diyini bildirdi.

“Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsiz­liyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edil­miş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edil­məsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, azərbaycançı­lıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdiyini” -deyən S.Qafarova əminliklə bildirdi ki, möh­tərəm cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenil­məz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə et­məyə imkan yaradacaqdır. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyə­sində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalı­şacaqdır. 

Parlamentin Sədri gündəliyə 8 məsələnin daxil edildiyini və 1-ci məsələ­nin “Azərbaycan Respublikasının Baş na­ziri vəzifəsinə namizədlik haqqında” qərar layihəsinin olduğunu bildirdi. O dedi ki, Azərbaycan Respublikası Konstitusiya­sının 118-ci maddəsinin II hissəsinə uy­ğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət etdi. 

Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Azərbaycan Respublikası Pre­zidentinin təqdimatına əsasən Azərbay­can Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi məsələ­sinə dair qərar qəbul etməlidir. 

Sonra S.Qafarova Əli Əsədovun əmək fəaliyyəti barədə məlumat verdi. Müza­kirələrdən sonra məsələ səsə qoyuldu və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verdi. 

İclasda çıxış edən Azərbaycan Res­publikasının Baş naziri Əli Əsədov bu vəzifəyə onun namizədliyini irəli sürdü­yünə və göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydəroğlu Əliyevə dərin təşəkkürünü bildirib.

Baş nazir müstəqil Azərbaycan Res­publikasının tarixində ilk dəfə olaraq bü­tün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha təbrik etdi. Baş nazir bildirdi ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha döv­lət başçımıza yüksək inam və etimadını göstərdi. O qeyd edib ki, müasir tarixi­mizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublika­mızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iq­tisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin edib. 

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşa­dətli Ordumuzun otuz ilə yaxın işğal altın­da olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkə­mizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir. Bu gün Azərbaycan post­müharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növ­bəti şərəfli mərhələsini yaşayır”- deyən Baş nazir bildirib ki, fevral ayının 14-də Milli Məclisdə keçirilmiş andiçmə mə­rasimində cənab Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışdı: “Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış etdi. Növ­bəti dövrdə müdafiə və milli təhlükəsizli­yin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye komplek­sinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırıl­ması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaqdır. Cəmiyyətimizin həyatının bütün sahələ­rində, o cümlədən sosial sahədə inki­şaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaqdır”. 

Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq hökumətin qarşısında du­racağını bildirdi. Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifah­la bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşması, müasir ça­ğırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələ­cək inkişafımızın təminatçısı olacaqdır. 

Baş nazir qeyd edib ki, gələcək illər­də dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalının formalaşdırıl­masıdır. Bunun üçün müasir təhsilin, sağ­lam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərt­lərdir və bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qey­ri-neft iqtisadiyyatının sürətli inkişafı, ma­liyyə müstəqilliyimizin daha da gücləndi­rilməsi təmin edilməlidir. 

Növbəti dövrdə Azərbaycan hökumə­tinin işinin əsas prioritetlərini bu hədəflə­rin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsini təşkil edəcəyini bildirən Əli Əsədov deyib ki, bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehti­va edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inki­şaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və di­gər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır: “Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə elan edilmiş “Yaşıl dün­ya naminə həmrəylik ili”ndə keçirilir”.

Ə.Əsədov 2019-cu ildə cənab Pre­zident tərəfindən ilk dəfə Baş nazir və­zifəsinə namizədliyinin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışından ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparıldığı­nı diqqətə çatdırıb. O qeyd edib ki, ötən müddət ərzində hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulub, müxtəlif qa­nun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilib. Baş nazir buna görə deputatlara təşəkkürünü ifadə edib. O, ümidvar olduğunu bildirib ki, növbəti müddətdə də bu xoş ənənə davam et­diriləcək və birgə səylərlə bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir. 

Baş nazir onu da qeyd edib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat deputat­ların diqqətinə təqdim ediləcək və ötən il hökumət tərəfindən görülən işlər və qar­şıda duran vəzifələr müzakirə olunacaq.

Ə.Əsədov çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan hökuməti ölkə­mizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfin­dən qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiy­yətlə yerinə yetirilməsi üçün bütün səy­lərini səfərbər edəcəkdir. O, öz çıxışında deputatların qaldırdıqları məsələlərə mü­nasibət bildirib. 

Ə.Əsədov ona etimad göstərən cənab Prezidentə, Milli Məclisə minnətdarlığını bildirib və hökumət üzvləri ilə birlikdə ve­rilən tapşırıqların təmin ediləcəyini söylə­yib.

Sonra gündəlikdəki digər məsələr mü­zakirəyə çıxarılıb. Qanun layihələri müza­kirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər