Fevralın 8-də Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Qurumun rəsmisi, Qazaxıstan Parlamenti Senatı sədrinin müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Jakip Asanov Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin və beynəlxalq standartların tələblərinə uyğun şəkildə keçirildiyini bildirib.
Bu seçkilərin çox əlamətdar hadisə olduğunu, çünki Azərbaycan tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində keçirildiyini vurğulayan Jakip Asanov azərbaycanlıların öz xoşbəxt gələcəyinə səs verdiklərini deyib.
***
Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Nümayəndə heyətinin rəhbəri Qriqoriy Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib. O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.
“İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər və onların üzlərində təbəssüm var idi. Bu da çox vacib məqam idi. Mən yaxşı mənada təəccübləndim ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Seçkilər məhz məsuliyyətli şəkildə və səlahiyyətli çərçivədə təşkil olunmuşdu. Bütün beynəlxalq müşahidəçilərə müşahidə üçün yaxşı şərait yaradılmışdı”, - deyə Q.Karasin deyib.
***
Azərbaycanda seçki prosesi çox şəffaf keçib, heç bir problemə rast gəlinməyib, demokratik dəyərlər dəstəklənib. Həqiqətən seçicilərin aktivliyi çox yüksək olub. İnsanlar bir daha göstərdilər ki, onlar Azərbaycanda demokratiyanın davamlılığına inanır və etibar edirlər.
Bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının heyət rəhbəri Salma Coveira Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
Ölkəmizə və xalqımıza ən xoş arzularını və təbriklərini çatdıran Salma Coveria bildirib: “Hesab edirəm ki, Azərbaycanda keçirilmiş bu prezident seçkiləri onun daha çox irəliləməsinə və inkişafına, bu prosesin davamlı olmasına öz töhfəsini verəcək. Pakistan və Pakistanın Milli Assambleyası olaraq biz müxtəlif əməkdaşlıq variantlarını bir daha nəzərdən keçirməyə, araşdırmağa, arzularımızı birgə reallığa çevirməyə daim hazırıq. Ümid edirəm ki, bu əməkdaşlığı birgə genişləndirməklə ölkələrimiz regiondakı sülhə və əmin-amanlığa töhfələrini verə, eyni zamanda, aparıcı rol oynaya bilər”.
***
Fevralın 8-də Türk Dövlətləri Parlament Assambleyasının müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı təşkil edib.
TÜRKPA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Osman Mesten seçki prosesinin beynəlxalq standartlara cavab verən Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olaraq aparıldığını bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə seçki prosesinin həyata keçirilməsi həm Azərbaycan, həm də Türkiyə üçün mühüm və əlamətdar hadisədir.
“Müşahidə etdik ki, seçki prosesi çox yüksək səviyyədə təşkil olunub. Bütün məntəqələrdə fiziki məhdudiyyətli və gözdən əlil insanlar üçün əlverişli şərait yaradılmışdı. Həmçinin məntəqəyə gələ bilməyənlər üçün evlərə seçki qutuları aparılıb”, - deyə millət vəkili qeyd edib.
***
Bosniya və Herseqovina parlamentinin nümayəndə heyəti növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də mətbuat konfransı keçirib.
Nümayəndə heyətinin rəhbəri Cemal Smajik seçkilərin insidentsiz, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçdiyini deyib.
Bildirib ki, səsvermə zamanı müşahidə etdiklərindən məmnun qalıblar.
“İnsanların ruh yüksəkliyi və çox rahat şəkildə məntəqələrə gələrək səs verməsi prosesin ədalətli və rahat keçməsini deməyə imkan verir. Hər şey qanunvericiliyə və qaydalara uyğun təşkil edilib”, - deyə Cemal Smajik vurğulayıb.