Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra Şuşa şəhəri yerli və nüfuzlu beynəlxalq qurumların tədbirlərinin, eləcə də müsiqi festivallarının, kitab sərgilərinin keçirildiyi məkana çevrilib. Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Şuşa şəhərində məntəqə seçki komissiyasının yaradılması əlamətdar və yaddaqalan hadisələrdən biridir. 124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd seçki dairəsi dairə seçki komissiyasının işğaldan azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova deyib ki, Şuşa növbədənkənar prezident seçkilərinə tam hazırdır.
Komissiya sədrinin sözlərinə görə, seçki məntəqəsi Şuşada yeni inşa edilmiş 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Binada müasir infrastruktur mövcuddur, məntəqə lazımi texniki vasitə və metodik, o cümlədən, əyani vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi, istiliklə, generatorla təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün məntəqədə səsvermə kabinələri quraşdırılıb. Eyni zamanda, şəffaf seçki qutuları, gözlə görünməyən mürəkkəb, ultrabənövşəyi lampalar vaxtında gətirilib. Seçkilərdə 1189 nəfər seçicinin səs verməsi nəzərdə tutulub. Onlardan bir nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Seçkilərin mütəşəkkil keçirilməsi üçün Şuşanın, demək olar ki, hər küçəsinə seçkiyə çağırış plakatları asılıb. Bir sözlə, Şuşa seçkiyə çağırış plakatlarına bürünüb.
Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi də başa çatıb. Komissiya üzvləri MSK tərəfindən təşkil olunmuş maarifləndirici proqramlar çərçivəsində keçirilən treninqlərdə iştirak ediblər. Bu da seçki zamanı yarana biləcək hər hansı problemin aradan qaldırılmasında mühüm rol oynayacaq.
S.Gözəlova deyib ki, əhali prezident seçkilərinə böyük maraq göstərir. Bu, həm də 30 ildən sonra ilk dəfə keçirilən seçkilərdir. Şuşada yaşayanlar və işləyənlər arasında xüsusi fəallıq var. Biz dünyaya sübut edəcəyik ki, Azərbaycan demokratik seçki kecirməyə qadir ölkədir.
Əliqismət BƏDƏLOV
XQ