Azərbaycanın polad magistralı 3 beynəlxalq dəhlizin qovşağında

post-img

2023-cü ildə ölkəmizin dəmir yolu ilə 18 milyon tondan çox yük daşınıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən aldığımız məlumata əsasən, qurum 2023-cü ildə xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi hesabına bu sistemin inkişafına 35 milyon manat sərmayə yatırıb. Məsələn, 16 kilometr yolda rels dəyişdirilib. Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı–Suraxanı, Yeni Suraxanı–Hövsan hissələrində 22 kilometr yol əsaslı təmir olunub. Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub. Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb. 

Cari ildə isə investisiya qoyuluşunun daha da artırılaraq 50 milyon manata çatdırılacağı, bu vəsaitin isə 20-dən çox layihənin icrasına cəlb ediləcəyi nəzərdə tutulub. Belə ki, 2024-cü ildə Baş Ələt dəmir yolu stansiyasının təmirinin həya­ta keçiriləcəyi, Yalama stansiyasının ge­nişləndiriləcəyi, 50 kilometr uzunluğunda yolların üst quruluşunun müasirləşdirilə­cəyi, Biləcəri çeşidləmə parkında aparılan təmirin tamamlanacağı planlaşdırılıb. 

Qeyd edək ki, Azərbaycan dəmir yol­larında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. Məsələn, “Stadler Rail Group” şirkətindən 2015–2018-ci illərdə ölkədaxili və Abşeron da­irəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün elektrik qatarları alınıb. 2019-cu ildə isə ölkəyə qatar və lokomotiv parkının yenilənməsi proqramı çərçivəsində sabit və dəyişən cərəyanla işləyən 50 ədəd lokomotiv çatdırılıb.

Xatırladaq ki, “Stadler Rail Group” istehsalı olan “FLIRT” markalı 10 ədəd dizel və elektrik qatarının alınması üçün müqavilə bağlanıb. Qatarlardan dördü 2023-cü ildə ölkəyə çatdırılıb və müvafiq sınaq prosesi bitdikdən sonra xəttə bu­raxılması nəzərdə tutulub. Bu il ərzində isə digər qatarların da qatar parkına əlavə edilməsi planlaşdırılıb. 

Yeni qatarların alınması diqqətdə sax­lanılmaqla bərabər, keçən il “Azərbaycan Dəmir Yolları”nın “Stadler Rail Group” şirkəti ilə birgə imzaladığı müqaviləyə əsasən, Regional Servis Mərkəzi yaradı­lıb. Mərkəzdə dəmir yollarında səmərəli istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin, habelə regio­nun eyni növ qatarlarının təmiri, həmçi­nin texniki xidmətinin həyata keçirilməsi nəzərdə tutulub. 

ADY-də lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaş­dırmaq üçün də müəyyən işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun gətirilməsi üçün müqavilə im­zalanıb və teplovozlar hazırda qatar par­kına daxil edilib. Həmin il Estoniyadan da 4 ədəd müasir elektrovoz alınaraq ölkə­mizə gətirilib.

“Azərbaycan Dəmir Yolları”nın məlu­matında o da vurğulanır ki, son 20 il ər­zində respublikamızda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətlərinin yenilənnəsi, eyni zamanda, yeni yollar salınması da diqqətdə saxlanılıb. 

QSC-nin yaydığı məlumata görə, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq–Qərb bağlantısının ən vacib seqmentlə­rindən olan Bakı–Tbilisi–Qars (BTQ) də­mir yolunun təntənəli açılışı gerçəkləşib. Yeni dəmir yolu xətti regional yükdaşıma­larda məsafə və vaxt müddətini qısalda­raq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. BTQ dəmir yolu Gürcüstan seqmentinin hazırda da­vam edən genişləndirilməsinin bir neçə aya başa çatdırılacağı, xəttin buraxılış gücünün 1 milyon tondan 5 milyon tona qədər artırılacağı planlaşdırılıb. 

Ötən illər ərzində yükdaşımalarda, xü­susilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki:

– ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 80 faizə yaxın artıb;

– 2023-cü ildə dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 mil­yon tona yaxın tranzit yükü daşınıb;

– Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamamlanıb. Ötən il bu ter­minalda 700 min tona yaxın yük aşırı­lıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şi­mal-Cənub dəhlizinin inkişafına töhfə verilib.

Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcmi­nin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən da­şınması bərpa edilib. Bu məqsədlə kon­teyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa gön­dərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənə­vi marşrutlarla çatdırılma vaxtından təx­minən iki dəfə (15-18 gün) azdır.

ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçi­nin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarla­rın istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu xətti boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bü­tün bunlar vətəndaşların rahat və təhlükə­siz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:

– 2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə sürət qatar­ları istifadəyə verilib;

– 2017-ci ildə Bakı dəmiryol vağzalı yenidənqurmadan sonra tam yeni xid­mət infrastrukturu ilə sakinlərin üzünə açılıb;

- həmin ildə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmə­tini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub. Xətt boyunca iki ayrı mar­şrut üzrə sərnişinlər, ümumilikdə, 14 məntəqəyə səyahət edə bilirlər;

– 2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçi­nin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bundan başqa, Abşeron dairəvi dəmir yolu xət­tinin Pirşağı–Görədil–Novxanı–Sumqa­yıt hissəsinin açılışı həyata keçirilib. 

2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb. Abşe­ron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı–Qəbələ–Bakı marş­rutunun açılması və Bakı–Gəncə–Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayana­caq verilməsi sayəsində əldə edilən bu göstərici 2022-ci ilin göstəricisindən 38 faiz çox (5,1 milyon nəfər) olub. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat