“124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd seçki dairəsinin 108 saylı seçki məntəqəsi rayonun Hadrut qəsəbəsində yerləşir. Budəfəki seçki prosesində həm məntəqə sədri kimi, həm də doğma yurdumda səsverən biri kimi bu tarixi hadisənin şahidi olduğum üçün qürurluyam”. Bu fikirləri 124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd seçki dairəsinin 108 saylı seçki məntəqəsinin sədri Raqil Əlizadə bildirib.
Məntəqə sədri deyib ki, 7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq tam yekunlaşıb, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılıb. Artıq səsvermə bülletenləri seçki məntəqəsindədir. Məntəqə lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi üçün lazım olan ləvazimatlar da seçki məntəqəsinə vaxtında çatdırılıb. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi bir seçkinin təkrar səsverməsinin qarşısının alınması üçün ən yaxşı vasitədir.
Vətəndaşların sərbəst şəkildə səsvermələri üçün kabinələr quraşdırılıb. Məntəqə sədri, katibi və üzvləri Hadrutda ilk dəfə keçiriləcək prezident seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi fasiləsiz fəaliyyət göstərirlər. Biz MSK tərəfindən təşkil olunmuş treninqlərdə iştirak etmişik. Bu da bizim seçki ilə bağlı bilik və bacarığımızın daha da təkmilləşdirilməsində böyük rol oynayıb. Seçki siyahıları dəqiqləşdirilib, məntəqə üzrə 526 seçici qeydiyyatdadır. Bir sözlə, tam hazır vəziyyətdə seçki gününü gözləyirik.
Əliqismət BƏDƏLOV
XQ