Ədəbiyyat Muzeyinin gənc alimləri dəyirmi masa ətrafında

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Muzeyin gənc elmi kadrları və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Dilbər Hüseynova çıxış edərək Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir. 

Dilbər Hüseynova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını vurğulayıb. O, həmçinin sədri olduğu şuranın fəaliyyəti, keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. 

Daha sonra “Muzeyin dünənini, bu gününü, sabahını yaşadan gənclər” başlıqlı məruzəsini təqdim edən Dilbər Hüseynova ilk gənclik çağlarından 50-60 ildən artıq muzeydə çalışmış muzeyin fədakar əməkdaşları haqqında danışıb. Məruzəçi onların ötürdüyü estafetin bu gün muzeydə çalışan gənclərin layiqilə daşıdığını və gələcək nəsillərə ötürməkdə hazır olduqlarını dilə gətirib.  

“Nizami Muzeyinin elmi həyatında gənclər” mövzusunda məruzəsində muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva muzeydə ədəbiyyat və mədəniyyətin müxtəlif sahələrində aparılan tədqiqatlarda gənclərə üstünlük verildiyini vurğulayıb. Bildirib ki, uzun illərdir Nizami Muzeyi ədəbiyyat və mədəniyyətin müxtəlif ixtisasları üzrə fəlsəfə və elmlər doktoru hazırlığı məqsədilə dissertantura və doktorantura qəbulları həyata keçirir, gənc tədqiqatçılara  aktual elmi mövzular həvalə edilir. Onun sözlərinə görə, baş verən yeniliklər, ümumiyyətlə, elmi kadrların və xüsusən də, gənc elmi kadrların peşəkar şəkildə yetişdirilməsinə, onların elmi-mədəni inkişafına, dünyaya çıxışına, aparıcı qüvvəyə çevrilməsinə də hesablanmışdır.

Sonra muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” adlı məruzə ilə çıxış edib. Gənc tədqiqatçı əvvəlcə ölkənin həyatında gənclərin rolu, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra bu siyasətin muzeydən də yan keçmədiyini qeyd edən natiq muzeyin istər elmi-tədqiqat, istər muzeyşünaslıq istiqamətindəki kadr siyasətində gənclərə üstünlük verildiyini, hazırda muzeyin fərqli elm sahələri üzrə gənc fəlsəfə doktoru əməkdaşlarının üstünlük təşkil etdiyini vurğulayıb. 

Tədbirdə, həmçinin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirovanın “Gənc elmi kadrlar Nizami muzeyinin kapitalı kimi” mövzusunda məruzəsi dinlənilib. Cəmilə Dəmirova ölkədə elmin inkişafına göstərilən diqqət, yüksəkixtisaslı elmi kadrların hazırlanması, Azərbaycan elminin beynəlxalq səviyyədə inteqrasiyası, ölkə üzrə gənc alimlərin fundamental elmi tədqiqat prosesinə cəlb edilməsi, professor-müəllim heyətinin gəncləşməsi siyasəti barədə fikirlərini bölüşüb. Məruzəçi qeyd edib ki, ölkədə baş verən bu proseslər muzeydə də aydın görünməkdədir. İstər muzey rəhbərliyi, istərsə də muzeyin kifayət qədər təcrübəli, elm sahəsində öz imzaları ilə tanınan kadrları gənc nəslə diqqətlə yanaşır.

Məruzələrdən sonra prioritet istiqamətlər, yeni layihələr haqqında fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ





Son xəbərlər