Kürdəmirdə Gənclər Günü qeyd olunub

post-img

Kürdəmirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Aprel şəhidlərinə və qazilərə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub.

Tədbir Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində şəhid ailələri, qazilər, Vətən müharibəsində döyüşmüş gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbirdə gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla həyata keçirilir. Dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünə inam hissini artırır.  

Müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlardan danışan  Yaqut Bahadurqızı onların da gələcək və Vətən üçün arzuları, niyyətləri olduğunu bildirib. O, belə bir gündə Vətən üçün canını fəda edən və əbədi olaraq xalqın yaddaşında gənc qəhrəmanlar kimi yaşayacaq şəhidlərimizı, eləcə də sağlamlığını itirmiş qazilərimizi xatırlatmağın önəmini qeyd edib.     

Sonra tədbir iştirakçıları 2017-ci ildə çəkilmiş, Aprel döyüşlərinin şəhid və qazilərinə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filmini izləyiblər.

Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji həyat tərzi təsvir olunur. 

Tədbirdə Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin rəhbəri Nicat Ağarəhimov  çıxış edərək ölkəmizdəki bu günki  gənclər siyasətinin mahiyyətcə yeni mərhələsini yaşadığını, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işləri nəzərə çatdırıb. 

Daha sonra 44 günlük Vətən müharibəsində sona qədər döyüşərək şəhid olmuş tank bölük komandiri, baş leytenant Fərrux Hüseynovun anası Səhər Hüseynova, köçkünlük həyatının əzablarını yaşamış şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Əliyeva çıxış ediblər. Onlar rəşadətli Azərbaycan  Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmalarından, onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərdən, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsindən, xalqımızın 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşmasından danışıb, film haqqında təəssüratlarını bölüşüblər.

Qabil YUSİFOĞLU
XQ













Son xəbərlər