Azad və ədalətli seçkinin hüquqi bazası mükəmməldir

post-img

“Ölkəmizdə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası, beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi, həmçinin əlverişli demokratik mühit var. İndiyə qədər keçirilən seçkilər də bunu təsdiqləyir. İndiyədək keçirilən seçkiləri izləyən beynəlxalq müşahidəçilər yekun rəylərində təsdiqləyiblər ki, seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib”.

Bu fikirləri 7 saylı Səbail Dairə Seçki Komissiya­sının sədri Cahangir Məmmədov bildirdi. 

DSK sədri bildirdi ki, Azərbaycan növbədənkə­nar prezident seçkilərinin də demokratik və şəffaf keçirilməsində nümunə göstərəcək. Bundan ötrü bütün hazırlıq işləri yüksək səviyyədədir. Bunu ha­zırlığı müşahidə edən beynəlxalq müşahidəçilər də təsdiqləyirlər. Son zamanlar ATƏT və Qazaxstan­dan olan beynəlxalq müşahidəçilər dairədə olub və seçkiyə hazırlıq işləri ilə maraqlanıblar. Azərbaycan demokratik, azad və ədalətli seçki keçirməyə qadir olduğunu dəfələrlə sübut edib. Bunu nüfuzlu bey­nəlxalq qurumların müşahidəçiləri də təsdiqləyirlər. Bu baxımdan fevralın 7-də keçiriləcək növbədənkə­nar prezident seçkilərinin daha demokratik olaca­ğına hər birimizdə əminlik yaranıb. Çünki ölkəmiz seçkidən-seçkiyə püxtələşir, təcrübəsini artırır və qanunvericilik bazasını daha da zənginləşdirir. Bunu Seçki Məcəlləsinə bu vaxta qədər 19 dəfə əlavə və dəyişikliyin edilməsi də təsdiqləyir.

C. Məmmədov dedi ki, Səbail rayonunda seçkilər həmişə mütəşəkkil keçirlib. Dairənin ərazisində 53 seçki məntəqəsi var. On üç məntəqə 5 günlükdür. Yəni müvəqqəti. Buraya ərazidəki hərbi hissələr, Mərkəzi Klinik Xəstəxana, Xəzər Dəniz Gəmiçiliyi və bp-nin 9 platforması daxildir. Daimi məntəqələr­də 50 min 787 seçici səs verəcək. Beşgünlük seçki məntəqələrində isə təxminən 3 min 200 seçici səs verəcək. Bu ilki seçkilərə çox böyük maraq var. Bu da prezident seçkiləri ilə əlaqədardır. Çünki prezi­dent seçkiləri mühüm siyasi əhəmiyyət daşıyır. Ölkə­nin gələcək taleyi həll olunur. Hazırda Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Uzun illərdir gözlə­diyimiz Qələbəyə nail olduq. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma, ti­kinti, bərpa işləri aparılır. Bu gün dünyanın diqqəti Qarabağa yönəlib. Bu işlərin davam etdirilməsi gələ­cək ölkə başçısından asılıdır. Ona görə də prezident seçkiləri çox mühüm bir siyasi kampaniyadır. Bu si­yasi kampaniyanı uğurla başa vurmaq üçün bütün imkanlardan istifadə etməliyik.

DSK sədri bildirdi ki, məhz buna görə də seçki prosesini müşahidə edənlərin sayı gündən-günə çoxalır. Son məlumata görə müşahidəçilərin sayı iki mini keçib. Onlara seçkinin gedişini izləmələri üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, şəffaflığın təmin olunması üçün bu il də barmaqların gözlə gö­rünməyən mürəkkəblə işarələnməsi üsulundan isti­fadə olunacaq. Bundan ötrü lazım olan ləvazimatlar seçki məntəqlərinə verilib.

Seçki məntəqələrindən söhbət düşmüşkən, DSK sədri dedi ki, artıq bütün seçki məntəqələri seçkiyə tam hazırdır. Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səs­vermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlu­matlandırılıblar. Onların hamısı MSK tərəfindən təşkil olunan treninqlərdə iştirak ediblər. Hər bir iştirakçı­ya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsver­mənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.

DSK sədri bu seçkilərdə “Yeni nəsil” aparatından istifadə olunacağını bildirdi. Bu aparatdan şəxsiyyət vəsiqələrinin göstəricilərini müəyyənləşdirmək üçün istifadə olunacaq. Ümumiyyətlə, seçkilərin şəffaf və azad keçirilməsi üçün bütün imkanlardan istifadə olunacaq. Ölkəmiz demokratik seçki keçirməyə qadir olduğunu bir daha nümayiş etdirəcək. 

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər