XİN Cozep Borrelin əsassız iddialarını qətiyyətlə rədd edir

post-img

Yanvarın 22-də Xarici Əlaqələr Şurasının illik yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. 

Bu barədə Azərbaycanın Xa­rici İşlər Nazirliyinin mətbuat xid­mətinin rəhbəri Ayxan Hacızadə C.Borrelin iddialarına dair şərhin­də bildirib.

“Ali nümayəndə Azərbay­can Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini ta­mamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdı­rır. Beynəlxalq ictimaiyyətin Er­mənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və sepa­ratizmə son qoyduğu tədbirlər Ermə­nistanla sülh sazişinin bağlanmasına zəmin yaradır.

Bundan əlavə, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə et­məsi davam edən hüquqi araş­dırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir”, - deyə XİN rəsmisinin şərhində vurğulanıb.

Ayxan Hacızadə əlavə edib ki, Azərbaycan beynəlxalq öh­dəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli ma­raqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin le­gitimləşdirilməsi cəhdlərinin qar­şısını qətiyyətlə alacaq.

XQ

Son xəbərlər