Daxili İşlər Nazirliyində kollegiya iclası

post-img

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan nazir, ge­neral-polkovnik Vilayət Eyvazov xalqı­mızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir çox mühüm hadisələrin baş verdiyini, bunların ara­sında Azərbaycanın bütün ölkə ərazi­sində dövlət suverenliyinin bərpasının mühüm yer tutduğunu diqqətə çatdırıb. 

Nazir vurğulayıb ki, Prezident, Si­lahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq baş­lanan Vətən müharibəsində qazanılan Zəfərdən və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli anti­terror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər düşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proq­ramının həyata keçirilməsi üçün əzmlə çalışaraq üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ictimai asayişin keşiyində ayıq-sayıq dayanırlar. 

Antiterror tədbirlərində 12 hərbi qul­luqçunun və 8 polis əməkdaşının şəhid olduğunu vurğulayan nazirin təklifi ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib. 

Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov bildirıb ki, ötən il əmə­liyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36 min 811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34 min 783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməl­lər olmaqla 89,6 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurma hallarının 98,9, xuliqan­lıq hallarının 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçu­luq hallarının 98,1, quldurluq hallarının və hədə-qorxu ilə tələb etmə hallarının 97,5, avtonəqliyyat vasitəsini qaçırma hallarının 97,2, dələduzluq hallarının 92,1 faizi açılıb.

Eyni zamanda, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında prokurorluq orqanlarının əməkdaşları ilə birgə nəzərəçarpan irəliləyiş əldə edildiyi, 426 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğu, o cümlə­dən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşı­sının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük iş həcmi­nin yerinə yetirildiyi, habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə sıx qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mü­barizədə həyata keçirilmiş tədbirlərlə önəmli nəticələrə nail olunduğu xüsusi vurğulanıb və həmin dövlət orqanlarının əməkdaşlarına və rəhbərliyinə təşəkkür ifadə edilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub. 

Qanunsuz odlu silah saxlama və da­şıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutu­lub. Ümumilikdə 12 min 648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb. 

Qeyri-leqal dövriyyədən müxtəlif no­minallı 3 min 487 saxta əsginas, istifa­də müddəti ötmüş 6 min 310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb. 

Narkotiklərlə mübarizənin vəziyyə­tinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloq­ram çox narkotik vasitə götürülüb, 620 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib.

Məruzə ətrafında çıxış edənlər gö­rülən işlər, əldə olunan uğurlar, nöqsan və çatışmazlıqlar, onların aradan qaldı­rılması üçün həyata keçirilən tədbirlər­dən danışıblar.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qa­nunçuluğun və hüquq qaydasının qo­runması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini xüsusi vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və töv­siyələrini verib.

XQ

Son xəbərlər