Paytaxt polisinin fəaliyyəti müsbət qiymətləndirilib

post-img

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan nazir V.Eyvazov tarixə “Heydər Əliyev İli” kimi daxil olan 2023-cü ilin Azərbaycanın iş­ğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrildiyini, ərazi bütövlüyümüzün, suve­renliyimizin tam təmin edildiyini, Qara­bağda separatizmin kökünün birdəfəlik kəsildiyini vurğulayıb.

Sonra hesabat dövründə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qayda­nın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) rəi­si, polis general-mayoru Əkbər İsmayılov bildirib ki, ötən il paytaxtda qeydə alınan 15 min 759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub. 2022-ci illə müqayisədə hesabat dövrün­də ehtiyatsızlıqdan adam öldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb, ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığı­lıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.

Hesabat dövründə 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurlu­ğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaş­lara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdiril­məsi təmin olunub. 

Məruzə ətrafında çıxış edən Bakı Şəhər BPİ-nin aidiyyəti struktur qurum­larının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunan müsbət nə­ticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Müşavirəyə yekun vuran daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təh­lükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiy­mətləndirib. Konkret tapşırıq və tövsiyələ­rini verən nazir Baş İdarənin və onun struktur qurumlarının rəislərindən 2024-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə aparılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib. 

XQ



Son xəbərlər