Səbaildə komissiya üzvləri maarifləndirilir

post-img

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 7 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar. Təlimlər yanvarın 22-dək davam edəcək. Treninqlərin əsas məqsədi aşağı seçki komissiyaları üzvlərinin məlumatlılığının, peşəkarlığının artırılmasıdır. Treninqlərdə ümumilikdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Hikmət İsmayılov və Anar Əhmədov aparırlar.

Məntəqə seçki komissiyasının üzv­ləri seçki məntəqələrinin səsverməyə hazırlanması, seçki günü müstəsna hallar, səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılırlar. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün (MSK) tərəfin­dən hazırlanan əyani vəsaitlər, bukletlər yaddaş kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi verilir.

Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanlardan isti­fadə olunub. Dairədən verilən məluma­ta görə, seçkilərə hazırlıq işləri uğurla davam etdirilir. Bu məqsədlə seçki ko­missiyasının üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları ilə təmin edilib. Həmçinin məntəqələr qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla da təmin olunub. Seçkilərdə şəffaflığın təmin olunması üçün seçki məntəqələrinin 12-sində veb-kameralar quraşdırılıb. 

Dairənin əhatəsində məskunlaşmış 23 nəfər sağlamlıq imkanları məhdud se­çicilərin səs vermələri diqqət mərkəzində­dir. Bu qəbildən olan seçicilər üçün pan­duslar quraşdırılıb. Seçki məntəqəsinə gələ bilməyən sağlamlıq imkanı məhdud insanların rahat səs verə bilməsi üçün on­ların evlərinə daşınan qutular aparılacaq. Diqqətçəkən məqamlardan biri də da­irənin ərazilərindəki klinikalarda müalicə alan xəstələrin səsvermədə iştirakı üçün lazımi şəraiti yaradılacaq.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər