Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyi Naxçıvanda media nümayəndələri üçün hibrid formatda seminar keçirib. Seminarda muxtar respublikanın media qurumlarının rəhbərləri və Naxçıvandakı media təşkilatlarının nümayəndələri iştirak ediblər.
MEDİA-nın şöbə müdiri Natiq Məmmədli tədbirdə Naxçıvanda fəaliyyət göstərən jurnalistlərlə fikir mübadiləsi aparılacağını, onların informasiya əldə etməsi ilə bağlı hər hansı çətinliyin olub-olmaması, jurnalistlərin seçki ilə bağlı informasiyada hansı qaydalara riayət etməsi kimi məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, seçkilər həm də jurnalistlərin peşəkarlığını göstərmək üçün sınaqdır.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov belə seminarların media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsinin yüksəldilməsinə xidmət etdiyni bildirib. O, medianın ötən dövrdə bütün seçkilərdə fəallıq nümayiş etdirdiyini qeyd edib. Deyib ki, ölkəmizdə seçkilərin işıqlandırılması üçün jurnalistlərə geniş imkanlar yaradılır.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli qeyd edib ki, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. Media seçkilərdə azad və sərbəstdir. Heç kimin jurnalistlərə qanunvericiliyin tələblərindən kənar müdaxilə etməyə haqqı yoxdur. Buna görə də jurnalistlər öz hüquqlarını bilməli və qanunla nəyin qadağan olunmasından məlumatlı olmalıdırlar.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli muxtar respublikada fəaliyyət göstərən jurnalistlərin həm MSK-nın, həm də MEDİA-nın tədbirlərinə, seminar-treninqlərinə qatılmasının zəruri olduğunu bildirib. O, Naxçıvanda fəaliyyət göstərən jurnalistlərin seçki günü MSK-da keçiriləcək brifinqdə iştirakının vacibliyindən danışıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova seçki öncəsi təbliğat-təşviqat işlərində medianın fəaliyyətindən söhbət açıb.
Əliqismət BƏDƏLOV
XQ