Yanvarın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın yanvarın 13-də keçirilən iclasının protokolu təsdiqlənib.
Sonra 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasının qərarı ilə qeydə alınmış namizədlər Zahid Məhərrəm oğlu Orucun və Fuad Ağasi oğlu Əliyevin, habelə namizədi qeydə alınmış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslər təyin edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Komissiya sözügedən namizədlər və siyasi partiya tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri qeydə alıb.
İclasda Komissiya üzvlərinin və iştirakçıların diqqətinə çatdırılıb ki, prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif seçki subyektlərini əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan layihələrdən biri artıq başa çatıb. Belə ki, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində təşkil olunan və seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən regional seminar-müşavirələr yanvarın 9-dan etibarən Bakı, Gəncə, Şəki, Şirvan və Naxçıvanda müvəffəqiyyətlə keçirilib. Yanvarın 18-də Naxçıvan şəhərində keçirilən tədbirlə layihə yekunlaşıb. Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn və yüksək səviyyədə hazırlanıb keçirilən seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin təqdimatında qarşıdan gələn seçkilərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rolu və vəzifələri barədə ətraflı məlumat verilib.
Beynəlxalq müşahidə missiyasının təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirak etdikləri iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub, həmçinin cari məsələlərə baxılıb.