İyirminci əsrin sonunda Sovet rəhbərliyinin Azərbaycana qarşı yönəltdiyi məkrli siyasət, erməni separatizminin açıq şəkildə dəstəklənməsi ciddi etirazlara səbəb oldu və bu, xalq hərəkatının əsasını yaratdı. Topxana meşəsinin qırılmasına, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı meydana toplaşan Azərbaycan xalqı öz milli hüquqlarını tələb etməyə başladı. Qəhrəman xalqımızın haqq davasını yatırtmaq üçün Kreml hər cür repressiya siyasətinə əl atdı. Nəhayət, erməni lobbisinin əlində oyuncağa çevrilən Qorbaçovun birbaşa əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordu yeridildi. Buna qədər dünyanın bir çox şəhərində dinc vətəndaşları qanına- qəltan edən sovet işğalçı ordusunun Bakıda törətdiyi qətliam miqyasına və vəhşiliyinə görə heç bir faciə ilə müqayisə edilə bilməz.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.
Onun sözlərinə görə, həmin vaxt tanklar əliyalın insanların üstünə sürüldü, qadın, uşaq, qocalarar rəhm edilmədən gülləbaran edildi. İmperiya cəlladları bütün beynəlxalq konvensiyaları pozaraq təcili tibbi yardım maşınlarını belə atəşə tutdular. İşğalçı imperiya bu qəddarlığı və zülmü ilə Azərbaycan xalqının qorxutmaq, azadlıq mübarizəsini qan içində boğmağı məqsədləmişdi. Amma bu vəhşilik və güc qarşısında xalqımız xarakter, birlik, həmrəylik nümayiş etdirərək böyük əzmlə yenidən meydana toplandı. Sovet tanklarının, əli silahlı əsgərlərin gözü qarşısında milyonlarla insan Bakı küçələrində azadlıq şəhidlərini son mənzilə yola saldı. Ardınca 40 gün bütün Azərbaycan boyunca tətil hərəkatı keçirməklə xalqımız sübut etdi ki, bizi güllələmək, qətl etmək olar, amma mübarizə əzmimizi, azadlıq istəyimizi heç bir silah və qəddarlıqla sındırmaq mümkün deyil. Əksinə, xalqımız 70 il dünyanın ən güclü dövləti kimi tanınan bir imperiyanın qarşısında silahsız, mərdliklə dayanaraq dünyaya özünü bir daha sübut etdi. Həmin dövrün reallıqları bir daha göstərdi ki, əgər xalqımızın əziz övladı Heydər Əliyev vəzifəsindən ayrılmasaydı, millətimiz bu faciəni yaşamazdı. Anti-Azərbaycan qüvvələrin qarşısında sipər olan Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının nəticəsi olaraq, Bakı və digər şəhərlərimiz qana bələndi, düşmənin məkrli planı reallaşdı.
Meydan qəhrəmanları isə xalqı elə meydanda qoyub yoxa çıxdılar.
Ancaq Heydər Əliyev iradəsi, qətiyyəti xalqa güc verdi və hamı şahid oldu ki, Azərbaycan sahibsiz deyil. O ağır günlərdə xalqımıza güc verən məqamlardan biri də Moskvada baş verən haqsızlığı dünyaya çatdıran Heydər Əliyevin bəyanatı oldu. Xalqın qəlbində əbədi sevgi ünvanı qazanmış böyük rəhbər bu bəyanatı ilə yalnız informasiya blokadasını yarmış olmadı, o, həm də Azərbaycanın apardığı mübarizədə rəhbərsiz qalmadığını, ən çətin anlarda xalqının yanında olduğunu sübut etdi. 1990-cı il yanvarın 21-də rejiminin bütün qadağalarına baxmayaraq həyatını təhlükə qarşısında qoyan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını fəaliyyəti ilə nümayiş etdirdi. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə ilk hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Daha sonra 1994-cü il mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli lider 20 Yanvar faciəsi və 20 yanvar şəhidlərinə münasibətini ortaya qoymuş oldu. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə şəhid ailələri və əlil olmuş şəxslər dövlətin diqqət və qayğısı ilə əhatələndi.
Deputat sonda qeyd edib ki, Qanlı Yanvar hadisələrinin 34-cü ildönümünü qeyd edərkən arxada qalan tarixi unutmadan bugünkü zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün tək regionun deyil, bütövlükdə beynəlxalq arenanın qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin əldə etdiyi uğur, sahib olduğu zirvə və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canını Vətən uğrunda fəda edən şəhidlərimizin ruhunu şad edir.
Əldə etdiyimiz bütün uğurların başlanğıcı həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə də yüz illər keçsə belə, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq.