“Xalq qəzeti”ndə püşkatma keçirildi

post-img

Prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının verilmə ardıcıllığı

Azərbaycan xalqı özünün çoxəsrlik tarixində növbəti əlamətdar günlərini yaşayır. Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkiləri əlamətdar edən ən mühüm məqam sözsüz ki, onun ölkəmizin hər bir yerində keçirilməsidir. Bəli, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən bəri ilk dəfə olaraq səsvermə bütün ərazilərimizdə baş tutacaq.

Seçkiqabağı dövrün ən həyəcanlı mərhələsi, sözsüz ki, təbliğat-təşviqat dövrüdür. Seçki Məcəlləsinə görə, prezi­dent seçkilərində təşviqat səsvermə gü­nünə 23 gün qalmış başlanmalı və səs­vermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar pre­zident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, bu müddət yanvarın 15-dən fevralın 6-sı saat 08:00-dək olan müddəti əhatə edir.

Növbədənkənar prezident seçkilə­rində namizədliyi qeydə alınan şəxslərə seçkiqabağı təşviqat aparmaq məqsə­dilə ödənişsiz əsaslarla dərc üçün yer ayrılmalı olan media subyektlərindən biri də “Xalq qəzeti”dir. Yanvarın 16-da “Xalq qəzeti”ndə təşviqat materiallarının dərc yerinin bölgüsü məqsədilə püşkat­ma keçirildi.

Prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmış şəxslərin səlahiyyətli nü­mayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən “Xalq qəzeti” baş redakto­runun birinci müavini Qüdrət Piriyev prezident seçkilərinin ölkəmiz üçün mü­hüm hadisə olduğunu diqqətə çatdırdı. O, seçkiqabağı dövrdə aparılan təbli­ğat-təşviqat prosesinin də önəmli rola malik olduğunu vurğuladı. Redaksiyada təşviqat işinin MSK-nın “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seç­kiqabağı təşviqatın aparılması qaydaları haqqında” təlimatına əsasən müəyyən edildiyini bildirdi.

Baş redaktorun birinci müavini əlavə etdi ki, təşviqat müddəti ərzində 7 na­mizədin təşviqat materialları qəzetin şənbə və bazar günləri saylarında dərc olunacaq. Təşviqat materialları hər na­mizəd üçün B-2 formatlı qəzetdə bir sə­hifə, yəni, 1600 kvadratsantimetr həc­mində nəzərdə tutulur.

Sonra namizədlərin səlahiyyətli nü­mayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materialla­rının ardıcıllığını müəyyənləşdirən püş­katma keçirildi. Püşkatmanın nəticəsinə əsasən, materialların dərc ardıcıllığı belə müəyyənləşdi:

1. Qüdrət Həsənquliyev

2. Fuad Əliyev

3. Razi Nurullayev

4. İlham Əliyev

5. Zahid Oruc

6. Elşad Musayev

7. Fazil Mustafa

Püşkatmadan sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndlə­rinin fikirlərini öyrəndik. Yeni Azərbay­can Partiyasının prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əhliman Tağıyev dedi: “Bugünkü püş­katmanın keçirilməsindən razıyıq. Çox açıq, şəffaf, demokratik keçirildi. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, görüləcək işlərlə bağlı izahatlar veril­di. Bu izahatlardan da razıyıq. Biz bir xalq olaraq, ilk dəfə Zəfər seçkisi keçi­ririk. Hamı üçün düşərli olsun. Obyek­tiv, ədalətli seçki mühiti yaradılıb. Hər kəsdən bu mühitdən yararlanmasını istəyirik. Zənnimcə, hər birimiz xalqı­mız, ölkəmiz üçün xeyirli olan nə varsa, onları etməliyik. Püşkatmanın keçiril­məsində əməyi olan hər kəsə təşəkkür edirəm və bütün namizədlərə uğurlar arzulayıram”.

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Orucun səlahiyyətli nü­mayəndəsi İlqar Kərimov: “Püşkatma şəffaf keçirildi. Çox razı qaldıq. Seçkilər xalqımız və dövlətimiz üçün xeyirli ol­sun”.

Böyük Quruluş Partiyasının prezi­dentliyə namizədi Fazil Mustafanın sə­lahiyyətli nümayəndəsi Leyla Musayeva da püşkatma prosesinin şəffaf və qanu­nauyğun keçirildiyini qeyd etdi. Bildirdi ki, hər bir səlahiyyətli nümayəndə təmsil etdiyi namizədin adı yazılmış kağızı özü qutudan çıxarıb: “Yerlər bu qayda ilə müəyyən olundu. Tam qanunauyğundur və prosesdən razıyıq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Par­tiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndə­si Yaşar Kələntərli püşkatma prosesinin tam demokratik şəraitdə keçdiyini vurğu­ladı: “Heç bir problem olmadı. Bütün na­mizədlərə uğurlar arzulayıram. İnşallah, bu seçkidən xalqımız, dövlətimiz qalib ayrılacaq. Əminəm ki, hər bir namizəd qalib gələn şəxsin əlini sıxaraq onu təbrik edəcək. Həmin günü səbirsizliklə gözlə­yirik. Demokratiya da elə budur”.

Böyük Azərbaycan Partiyasının pre­zidentliyə namizədi Elşad Musayevin səlahiyyətli nümayəndəsi Fikrət Cəfərov isə dedi: “Bu gün “Xalq qəzeti”ndə pre­zidentliyə namizədlərin ödənişsiz təş­viqat materiallarının dərc ardıcıllığını müəyyənləşdirən püşkatma baş tutdu. Mərasim açıq və şəffaf keçirildi. Heç bir narazılığımız yoxdur. Yekunda qazanan xalqımız olacaq”.

Qeyd edək ki, prezidentliyə na­mizədlərin təşviqatı MSK-nın müəyyən etdiyi bir televiziya kanalı (“İctimai”) və dörd mətbu nəşrdə – “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində aparılacaq.

Səxavət HƏMİD
XQ

Son xəbərlər