Yanvarın 12-də Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.
Tədbirdə əsas məqsəd media nümayəndələrinin növbədənkənar prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi olub. Seminarda MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri də iştirak edib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacibliyini vurğulayıb və bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyib. O, media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunan seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. O, Seçki Məcəlləsinin seçkilərin hazırlanıb keçirilməsi prosesində və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında müxtəlif statuslu seçki subyektlərinə münasibətdə rol və vəzifələr müəyyən etdiyini diqqətə çatdırıb. Media subyektləri də istər seçki prosesində aşkarlığın və şəffaflığın təşəkkül tapmasında, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməlidirlər. MSK nəzdində fəaliyyət göstərən və əsasən, jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.
MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurlar barədə danışıb. Bildirib ki, prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.
Ş.Əsədli tədbirdə, həmçinin seçki günü prosedurları ilə bağlı praktiki məşğələ formatında ətraflı məlumat verib. O, seçki məntəqəsinin açılışı, səsvermə hərəkətləri, seçki günü müstəsna hallar və digər bu kimi prosedurların həyata keçirilməsi və tənzimlənməsinin qanunvericilik əsaslarını iştirakçıların diqqətinə çatdırıb
Seminarın sonunda jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
XQ