Yanvarın 12-də Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin Daxili Qoşunlarının 2023-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
General-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı da göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən, işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib.
Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, əmin olduğunu bildirib ki, şəxsi heyət onlara göstərilən diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilmiş ərazilərdə nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.
XQ