Bugünlərdə daha 3 vəsiqə qazanılıb
Ötən Paralimpiya Oyunlarını – “Tokio-2024”dü tarixi təticələrlə başa vuran paralimpiyaçılarımız bu il keçiriləcək “Paris-2024”də də yüksək nailiyyətlər qazanmaq əzmindədirlər.
Elə dördilliyin ən nüfuzlu idman yarışına bu ilin ilk lisenziya müjdəsi də paralimpiyaçılarımızdan gəlib. Bu dəfə parataekvondoçularımız vəsiqə sahibi olublar. Belə ki, Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən, mötəbər yarışda iştirak etmək hüququ qazanıblar. Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaq parataekvondoçuların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.
Azərbaycan Milli paralimpiya Komitəsinin idman şöbəsinin müdiri Şahvələd Əliyev ötən lisenziyalardan birinin sahibi – İmaməddin Xəlilovun Meksikada keçirilən dünya çempionatının qalibi olduğunu bildirdi. Qeyd etdi ki, parataekvondo 2016-cı ildə paralimpiya proqramına daxil edilib. İmaməddin bu növ üzrə ilk dünya çempionumuzdur. Bu ilin dekabrında taekvondo üzrə reytinq cədvəli bağlanıb. Cədvələ əsasən, lisenziya qazanan idmançılarımızdan 1-i 1-ci, digərləri isə 3-cü və 5-ci yerləri tutublar.
İdman şöbəsinin müdiri indiyədək komandamızın Paris Paralimpiadasına 9 vəsiqə əldə etdiyini vurğuladı:
– Bunlardan 4-ü atletika, 1-i üzgüçülük, daha biri isə güllə atıcılığı üzrə qazanılıb. Atletika üzrə lisenziyalar Parisdə dünya çempionatında əldə edilib. Həmin yarışda Lamiyə Vəliyeva ikiqat dünya çempionu adına layiq görülməklə yanaşı, mötəbər oyunlara lisenziyanı da özü üçün təmin etdi. Üzgüçümüz Ramal Saleh isə Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edərək qızıl medal və lisenziya aldı. Güllə atıcısı Kamran Zeynalovun vəsiqəsi isə Perunun paytaxtı Limada keçirilən dünya çempionatının qızıl medalını qazandığı zaman rəsmiləşdi. Ümidlərimiz daha çox paracüdo, paraüzgüçülük, paraatletika üzrə komandalaradır.
Qurum rəsmisi Paris Paralimpiadasına ümumilikdə, 25 lisenziya gözlədiklərini dedi:
– Şübhəsiz, növbəti paralimpiadada təmsilçilərimizin daha çox sayda iştirakına nail olmaq istəyirik. Bu istiqamətdə rəhbərlik ciddi səylər göstərir. Komandamızın hazırlığı üçün bütün vacib addımlar atılır. Bu ilin fevralında Almaniyanın Haydelberq şəhərində cüdo üzrə keçiriləcək qran-Pri yarışında 4 idmançı ilə təmsil olunmağı planlaşdırırıq. Həmçinin apreldə Antalya, mayda Tbilisidə qran-Pri yarışlarında iştirak edəcəyik. Paracüdoda reytinq xalları əsasında lisenziya əldə edilir. Cüdo komandasından 7, ümumilikdə isə yığmamızdan 25 lisenziya gözləyirik.
Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.
Leyla QURBANOVA
XQ