Vətən müharibəsi iştirakçıları Türkiyə Jandarma Qüvvələrinin Komandanlığında olub

post-img

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 11-də Türkiyə Jandarma Qüvvələrinin Komandanlığında olub.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi iştirakçıları ilə görüşündən məmnunluğunu ifadə edən Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetin Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Arif Çetin bu cür səfərlərin əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərdiyini qeyd edib. O, Türkiyənin bundan sonra da var gücü ilə Azərbaycanın yanında olacağı mesajını verib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib. Bildirib ki, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarma Qüvvələrinin Komandanlığının böyük xidməti var. Torpaqlarımızın düşməndən azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların da yüzlərlə hərbi qulluqçusu iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

QHT sədri bildirib ki, Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün sahələrdə özünü ən yüksək səviyyədə göstərir.







Son xəbərlər