Azərbaycan tibb elminə ağır itki üz verib

post-img

Yanvarın 11-də Azərbaycan tibb elminə ağır itki üz verib. Ölkəmizin tanınmış tibb mütəxəssisi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Respublika Mama-Ginekoloqlar Cəmiyyətinin sədri Solmaz İsrafilbəyli vəfat edib.

XQ xəbər verir ki, bu barədə onun qızı tarixçi-alim Nigar Maksvel məlumat verib. 

Qeyd edək ki, Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.  O 1960-cı ildən başlayaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya" kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir. O, institutda təkmilləşdirmə kursu keçən kursantlara mamalıq və ginekologiyanın sirrlərini öyrətməklə bərabər, elmi-tədqiqat işlərini davam etdirirdi və uzun illər ərzində apardığı tədqiqatın nəticəsi olaraq, 1974-cü ildə "Müxtəlif yaş dövründə olan qadınlarda endemik ur xəstəliyinin yumurtalıqların funksiyasına təsiri" mövzusunda doktorluq dissertasiyası üzərindəki işini başa çatdıraraq, müdafiə etmiş və 1978-ci ildə isə ona professor elmi adı verilmişdir. 

Solmaz xanımın doktorluq dissertasiya işi Azərbaycanda geniş yayılmış endemik ur xəstəliyinin profilaktikasının reproduktiv funksiyaya müsbət təsirini aşkara çıxarmış və ölkəmizin bu xəstəlik üçün endemik olan rayonlarında əhalinin istifadə etdiyi xörək duzunun yodlaşdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.

Solmaz İsrafilbəyova 1968-ci ildən 2012-ci ilə qədər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun  “mamal-ginekologiya kafedrasına rəhbərlik etmişdir. 

O, indiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi ilə altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənilərək müdafiə edilmişdir.

2000-ci ilin noyabr ayının 2-də Solmaz İsrafilbəyli "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin !

XQ

Sosial həyat