Media subyektlərinin seçki fəaliyyətinin əsasları

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə layihələrinin həyata keçirilməsi intensiv davam etdirilir. Silsilə tədbirlər çərçivəsində yanvarın 11-də Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib. Tədbirin məqsədi media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

MSK sədri Məzahir Pənahov çıxış edərək media nümayəndələrinin ilk gün­dən bütün seçki prosesinin içində olduğunu və məsələləri hərtərəfli işıqlandırdıqlarını deyib. O, KİV-lərin seçkilərdəki rolunun yüksək tutmasının vacibliyini qeyd edib. M.Pənahov bildirib ki, KİV həmişə müəy­yən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmalıdır. Əgər tərəflər həmin iradlardan nəticə çıxarmırsa, ondan son­ra məsələni işıqlandırmaq lazımdır. Seç­ki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik.

Medianın İnkişafı Agentliyinin icra­çı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Preziden­ti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Zəfərlə başa çatmış Vətən mü­haribəsindən sonra ölkəmizdə və eyni za­manda regionumuzda yeni siyasi reallıq­lar yaranıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suve­renliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması kimi vacib amillərlə şərt­lənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, hə­yatımızın müasir dövrün dinamik inkişafı­na uyğunlaşdırılmasını və beləliklə, ölkə­mizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı, ölkəmizin qa­baqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qü­vvələrin də planlarını alt-üst etməkdədir.

Ə. İsmayılov deyib: “Milli maraqlarımı­za xidmət edən müstəqil medianın inkişa­fının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditori­yaya çatdırılmasında medianın rolunu xü­susi qeyd edib. 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən bey­nəlxalq Media Forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoydu­ğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır”.

Audiovizual Şuranın sədri İsmət Sət­tarov diqqətə çatdırıb ki, seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büd­cəsindən maliyyələşən yayımçıların ha­mısı ictimai yayımçı funksiyası daşısa da, məhz seçkiqabağı təşviqat qanunla ictimai yayımçı kimi tanınan İctimai Tele­viziya və Radio Yayımları Şirkəti tərəfin­dən həyata keçirilməlidir. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. İctimai yayımçı seç­kiqabağı təşviqatı ödənişli əsaslarla apar­maq üçün ehtiyatda əlavə efir vaxtı saxla­malıdır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalı, bu barədə müvafiq məlumat seçkilərin tə­yin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq ən geci 30 gün ərzində dərc edilməlidir. İctimai ya­yımçının ödənişli istifadəyə təqdim edə­cəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi Seçki Məcəlləsinin 80.5-ci mad­dəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının (3 saat) ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz. Qeydə alınmış hər bir namizəd üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizəd­lərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mediasının zəngin seçki təc­rübəsinə malik olduğunu deyib. O, eyni zamanda seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılma­sı ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyac duyulduğunu qeyd edib.

Rəşad Məcid bildirib ki, media əvvəlki illərdə olduğu kimi, Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək. Eyni zamanda, sosial mediada hansısa namizədə qarşı saxta xəbərlərin yayıla biləcəyi şəksizdir. Peşəkar media belə hallarda məsələlərə vaxtında müna­sibət bildirməlidir: “7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir”.

Sonra MSK üzvləri “Azərbaycan Res­publikası Prezidenti seçkilərində seç­kiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödəniş­siz əsaslarla aparılan seçkiqabağı təş­viqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.

Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdi­rilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü media­nın rol və vəzifələri barədə ətraflı məlu­mat verilib.

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media sub­yektlərinin rəhbərlərinin və nümayəndələ­rinin də iştirak etdikləri müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra işini başa çatdırıb.

XQ

Son xəbərlər