Azərbaycan liderinin telemesajları xarici mediada

post-img

Türkiyə

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli te­leviziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıq­landırılıb. Dövlətimizin başçısının fikirləri Türkiyənin TRT, Anadolu Agentliyi, İHA, NTV, “Haber Glo­bal”, ATV kimi nüfuzlu KİV-lərində geniş yayımlanıb. 

Anadolu agentliyində dərc olunan yazıda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi dövründə ən çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar apardığına dair ifadələ­ri əks olunub: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.

TRT-nin yayımladığı xəbərdə isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılmasının önəmi barədə fikri xüsusi vurğulanıb, dövlətimizin başçısının çıxışından sitatlar tamaşa­çıların diqqətinə çatdırılıb. Məlumatda Prezident İlham Əliyevin “Azərbaycan­dan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçmə­lidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açıl­masa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyi­lik” ifadələrinə yer verilib. 

“Haber Global”da yayımlanan infor­masiyada isə Prezident İlham Əliyevin Fransanın Ermənistanı müharibəyə hazırlaşdırması barədə sözləri diqqətə çatdırılıb: “Bu gün Ermənistanı silah­landıran, onlara ürək-dirək verən, on­ların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransa­dır”. 

“İhlas” xəbər agentliyi (İHA) dövlə­timizin başçısının yerli televiziya ka­nallarına müsahibəsi barədə xəbəri oxuculara Prezident İlham Əliyevin “Ermənistanı silahlandıran, mühari­bəyə hazırlayan ölkə Fransadır” ifadə­sindən ibarət sərlövhə ilə təqdim edib. 

“Star” qəzeti isə xəbəri “Əliyev: Cid­di məsələ olarsa, ilk zəng edəcəyim şəxs Ərdoğandır” sərlövhəsi ilə təqdim edib. Yazıda Prezident Əliyevin Vətən müharibəsi dövründə ən çox Türkiyə və Rusiya prezidentləri ilə danışıqlar aparması barədə fikrinə xüsusi yer ve­rilib: “Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi si­yasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.

Gürcüstan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

“Newsday.ge”, “newsday.ge”, “qafqazturk.com”, “realnews.ge”, “ak­tual.ge”, “interpress.ge”, “24news.ge” informasiya portalları, “Marneuli FM” radiosu Azərbaycan Prezidentinin mü­sahibəsindən materiallar dərc edib, xəbərlər yayımlayıblar.

Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bu gün sürətlə inkişaf edərək dünyanın ən güclü dövlətləri sırasında olması fikri xüsusi vurğulanıb. Bildirilib ki, Azər­baycan xalqının düzgün seçim etdiyi 2003-cü il ölkəmizin müstəqil tarixində ən həlledici məqam olub.

Materiallarda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezi­dent seçkiləri barədə dövlətimizin başçısının fikirləri də oxucuların diqqə­tinə çatdırılıb. Qeyd edilib ki, seçkiləri şərtləndirən ilk növbədə, sentyabr ha­disələrindən sonra Azərbaycanda yeni dövrün başlanmasıdır.

Bundan başqa, materiallarda Zən­gəzur dəhlizinin açılmasının vacibliyinə toxunularaq, Azərbaycan Prezidentinin bu barədə sözləri təqdim olunub: “Əgər bu dəhliz açılmasa, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açıl­masa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyi­lik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Xəbərlərdə Azərbaycan Prezi­dentinin müsahibəsində diqqətçəkən məqamlardan birinin də ölkəmizə qarşı ikili standartlardan çıxış edən müəyyən qüvvələrlə bağlı olduğu vu­rğulanıb. Bu barədə yazılarda Pre­zident İlham Əliyevə aşağıdakı fikir­lərinə istinad olunub: “Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələr­dən gələn mənfi münasibət dayan­mayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı si­lahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərgin­liyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.







Son xəbərlər