Ədliyyə Nazirliyində ilin yekunları müzakirə olunub

post-img

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə edilib.

Nazir 2023-cü ilin Ümummilli lide­rin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli” ilə əlamətdar olduğu­nu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbər­liyi ilə yüksək nailiyyətlər və qələbələr qazanıldığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi­ni vurğulayıb. Doğma torpaqlarımızın sürətlə bərpasını, aparılan geniş quru­culuq prosesinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm töhfəsini qeyd edib. 

Cari ildə ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunya­radıcı fəaliyyətdə aktiv iştirak edən na­zirlik tərəfindən bu il 1600-dək hüquqi akta dəyişiklik hazırlanıb, habelə 3700-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhalinin hüquq biliklərinin artırılması məqsədilə nazirliyin apardı­ğı, o cümlədən insanların rahatlığı və əlçatanlığı üçün mobil qaydada təqdim etdiyi milli qanunvericiliyin e-qanun.az vahid elektron resursuna cari ildə daxi­lolmaların sayı təxminən 50 faiz artaraq 5 milyona çatıb.

Ölkə iqtisadiyyatının inkişafı və mül­ki dövriyyənin artması nəticəsində 5,1 milyon notariat hərəkətinin aparıldığı, 262 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı vur­ğulanıb. Vətəndaş məmnunluğu doğu­ran “Mobil notariat” tətbiqi istifadəçiləri­nin sayı 2 dəfə artaraq 900 minə çatıb. 

Dövlət xidmətlərinin göstərilməsin­də nazirliyin növbəti innovativ məhsu­lu olan “ƏNTEZ” xidmət platforması “ASAN xidmət” və DOST mərkəzlərin­də, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilərək vətəndaş­lara, o cümlədən əhalinin daha həssas təbəqəsinə, habelə səyahət edən şəxs­lərə vahid mənbədən və məsafədən müxtəlif ədliyyə xidmətlərinin göstəril­məsi asanlaşdırılıb.

Vətəndaşların pozulmuş hüquq­larının bərpasında mühüm rol oyna­yan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək 570 minə yaxın sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 940 milyon manata yaxın vəsait ödətdirilib. 

İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının diqqətdə saxlanılaraq hazırda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tət­biq edildiyi bildirilib.

Eyni zamanda, fəaliyyətin digər is­tiqamətləri üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr müzakirə olu­nub, növbədənkənar prezident seç­kiləri ilə bağlı ədliyyə orqanlarının qa­nunvericiliklə üzərinə düşən vəzifələrin vaxtında və dürüst icrası tapşırılıb, nazirliyin 2024-cü il üçün fəaliyyətinin əsas prioritet istiqamətləri üzrə tədbir­lər müəyyənləşdirilib. 

XQ

Son xəbərlər