İclasın gündəliyinə aşağıdakı məsələlər verilib: “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş); “İşsizlikdən sığorta fondunun 2024-cüil büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş); “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarının layihəsi.
Naxçıvan Muxtar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi komitənin iclasında redaktə məqsədilə baxılıb və layihə üçüncü oxunuşda müzakirə olunması üçün Ali Məclisin 2023-cü il payız sessiyasının növbəti iclasının gündəliyinə salınması üçün təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Ali Məclisin plenar iclaslarında büdcə zərfinə daxil olan sənədlərin müzakirələri zamanı deputatların qaldırdıqları sualları cavablandırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 21.1-ci maddəsinə əsasən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Qanun layihəsi ilə əlaqədar Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova məlumat verib ki, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi ikinci oxunuşdan sonra baxılıb, Ali Məclisin 2023-cü il payız sessiyasının növbəti iclasına üçüncü oxunuşda müzakirə olunması üçün təqdim olunub.
“İşsizlikdən sığorta fondunun 2024-cüil büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bununla da büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 56-cı maddəsinə əsasən Ali Məclisin xərclər smetası Ali Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cüil üçün xərclər smetası haqqında” qərar layihəsi hazırlanıb. Ali Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib.
Qərar səsə qoyularaq qəbul edilib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırdı.