Dohada “1001” gecə

post-img

Qətərin paytaxtı Dohada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Mariinski Teatrın böyük simfonik orkestri və bu teatrın Primorski filialının balet truppasının iştirakı ilə dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin möhtəşəm tamaşaları gerçəkləşib.

Mariinski Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar incəsənət xadimi El­dar Əliyevin quruluş verdiyi baletdə prima balerinalar Anna Samostrelova, Liliya Be­rejnova, premyer rəqqaslar Sergey Uma­nets və Viktor Mulıqin, Yuriy Zinnurov, Saki Nisida və Arina Naqase (Yaponiya), Lada Sartakova, Aleksandra Şalimova və digər ulduzlar iştirak ediblər.

Dörd gün davam edən hər tamaşanın sonunda dinləyicilər azərbaycanlı dirijoru və balet iştirakçılarını sürəkli alqışlarla ayaq üstə qarşılayıblar. Simfonik orkestrlə bəra­bər Larisa Şveykovskayanın rəhbərliyi ilə qadın xoru və istedadlı opera müğənniləri Anastasiya Kikot və Alina Mixaylikinin (sop­rano) iştirakı tamaşalara xüsusi rəng qatıb. Bəstəkar Fikrət Əmirovun əsərdə istifadə etdiyi musiqi alətləri sırasında Azərbaycan xalq çalğı aləti olan tarın ifası isə Mariinski teatrın 100 nəfərlik orkestrinə xüsusi kolorit və zənginlik bəxş edib. Belə ki, iki ölkənin tarzənləri Ramin Əzimov və Nadejda Med­vedevanın ifası yerli dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. 200 nəfərlik heyət­lə Dohaya səfər edən Mariinski Teatrının tamaşalarında Qətər əmirinin ailə üzvləri, ölkənin tanınmış siyasi və biznes rəhbər­ləri, ictimaiyyət nümayəndələri, Azərbay­canın Qətərdəki diplomatik missiyasının nümayəndələri iştirak ediblər.

XQ

Son xəbərlər