Dekabrın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdilər.
S.Qafarova gündəliyə keçməzdən əvvəl deputatlara Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin Almaniya Federativ Respublikasına və Çex Respublikasına rəsmi səfərləri barədə qısa məlumat verdi. Hər iki ölkədə aparılan söhbətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin önəmi qeyd edildi.
Parlamentin Sədri gündəliyə 22 məsələ daxil edildiyini və bu məsələlərin 12-nin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri olduğunu dedi. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. O, bildirdi ki, 2024-ci ilin dövlət büdcəsi layihəsi 1 aydan çoxdur ki, Milli Məclisin komitələrində və plenar iclaslarında geniş və ətraflı müzakirə edilir. Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri və nümayəndələri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumat veriblər və müzakirələrdə fəal iştirak ediblər.
O, qeyd etdi ki, növbəti ilin dövlət büdcəsinə dair qanun layihəsi Milli Məclisdə müzakirə olunduğu ərəfədə dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların əsasnamələrinin təsdiqi, bəzi təşkilatların strukturlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən müvafiq fərmanlar imzalanıb və tapşırıqlar verilib. Eyni zamanda, sənədin müzakirələri zamanı Milli Məclisin deputatları bir sıra təkliflərlə çıxış ediblər. Bununla əlaqədar olaraq 2024-cü ilin dövlət büdcəsinin xərcləri çərçivəsində qanun layihəsində bəzi dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunur.
Komitə sədri nəzərdə tutulan dəyişikliklər barədə məlumat verərkən dedi ki, yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adı əlavə edilir. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait Agentliyin əsas fəaliyyəti üçün “Kənd təsərrüfatı” xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 7,3 milyon manat azaldılaraq, həmin tədbirin maliyyə təminatı üçün “Elm xərcləri” bölməsinə yönəldilir. Qeyd olunub ki, 2023-cü ildə minimum əmək haqqının artımı ilə bağlı əlavə olaraq Bakı şəhərinin yerli xərcləri 2,3 milyon manat, Laçın rayonunun yerli xərcləri isə 100 min manat artırılır. O, təqdim olunmuş büdcə zərfində inzibati təsnifata uyğun olaraq bəzi dəyişikliklərin də edilməsi üçün zərurət yarandığını söyləyib.
T.Mirkişili bildirdi ki, qeyd olunan dəyişikliklər nəzərə alınaraq, 2024-cü ilin dövlət və icmal büdcələrinin ümumi göstəriciləri dəyişdirilmədən, müzakirəyə təqdim edilən layihədə olduğu səviyyədə, yəni dövlət büdcəsinin gəliri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, müvafiq olaraq icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat məbləğində saxlanılır.
Sonra “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Gündəliyin növbəti 2-ci və 3-cü məsələləri – “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihələri barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi. O, layihələrin mətnlərində dəyişiklik edilmədiyini bildirdi.
Komitə sədri “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə məlumat verdikdən sonra qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Büdcə zərfinə daxil olan digər qanun layihələri qəbul edildikdən sonra çıxış üçün söz Baş nazir Əli Əsədova verildi. O, deputatların istər plenar, istərsə də komitə iclaslarında büdcə müzakirələrində çox fəal iştirak etdiyni və cəmiyyətimizi narahat edən məsələləri qaldırdıqlarını diqqətə çardırdı. Baş nazir qeyd etdi ki, bununla yanaşı, ötən il büdcə müzakirələri zamanı deputatların qaldırdıqları bir çox məsələlər bu il ərzində öz həllini tapıb.
Ə. Əsədov diqqətə çatdırdı ki, təməli ulu öndər tərəfindən qoyulmuş xarici və daxili siyasət kursu bu gün möhtərəm cənab Prezident tərəfindən müasir dünyanın çağırış və tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. O, bildirdi ki, dövlət başçısının müəyyən etdiyi əsas prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılıb.
Baş nazir qeyd edib ki, 2024–2027-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə əsaslanaraq hazırlanıb. Post-pandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır. Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir.
2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Baş nazir bildirdi ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qoyulmuş hədəflərin, Böyük Qayıdışa dair I Dövlət Proqramının və hərbi xərclərin maliyyə öhdəliyi büdcə xərclərinin miqyasına əhəmiyyətli təsir edir. Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25 faiz idisə, 2024-cü ildə 31 faizə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb.
2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat çoxdur.
2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75 faizi keçib. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artıb.
Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır.
Bütövlükdə, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.
Baş nazir diqqətə çatdırdı ki, makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman Strategiyada ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınıb. Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9 faiz, həmçinin qeyri-neft sektoru üzrə 4,8 faiz nəzərdə tutulub.
2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4 faiz olub, illik inflyasiya 2,6 faiz təşkil edib.
Eyni zamanda, Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülür.
2024-cü ilin dövlət büdcəsi xərclərinin 43 faizi, büdcənin cari xərclərinin isə 70 faizi sosialyönlü xərclərdir. 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb. Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində mühüm işlər görülüb. Möhtərəm Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edirlər.
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Baş nazir qeyd etdi ki, artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq, ümumilikdə, 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.
Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur.
Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur.
Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar və Heydər Əliyev Fondunun dəstəyi ilə son 20 il ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir. Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30 faiz azalıb.
Baş nazir bildirdi ki, bir neçə gün əvvəl noyabrın 28-də dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi də cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.
Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı da tədbirlər həyata keçirilir. Bu baxımdan, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.
Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.
Baş nazir qeyd etdi ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb. Bu baxımdan, Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir.
Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024–2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib.
Baş nazir onu da dedi ki, 2024-cü ilin dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Qeyd olundu ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına isə 249 milyon manat vəsait nəzərdə tutulub.
Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması da təmin olunacaqdır.
Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir.
Baş nazir çıxışının sonunda bildirdi ki, büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.
Sonra gündəlikdəki digər qanun layihələri də müzakirə olunaraq müvafiq qərar qəbul edildi.
Əliqismət BƏDƏLOV
XQ