Türkiyə arxivlərində Naxçıvan barədə qorunub saxlanılan sənədlər toplanaraq muxtar respublikaya gətirilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində təqdimat keçirilib.
Mərasimdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev toplanan sənədlərin mühüm əhəmiyyətindən və materialların qorunub-mühafizə olunmasında arxivlərin rolundan danışıb. Alim qeyd edib ki, arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsində, təhriflərin aradan qaldırılmasında rolu olduqca mühümdür. Buna görə də Naxçıvanla bağlı xarici arxiv sənədlərinin toplanması məqsədilə ötən ay bölmənin 2 əməkdaşı Türkiyənin Ankara şəhərində olub. Onlar axtarışlar nəticəsində 3 min səhifədən artıq 500-ə yaxın sənəd əldə ediblər.
Əvvəlki illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının London, Sankt–Peterburq və Tbilisi arxivlərindən materiallar topladığını bildirən bölmənin sədri gələcəkdə bu istiqamətdə nəzərdə tutulan işləri diqqətə çatdırıb. Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Türkiyə arxivlərindən böyük laborant Əli Tağıyevlə birgə əldə etdikləri sənədlər, həmin sənədlərin ümumi məzmunu və mahiyyəti haqqında məlumat verib.
Təqdimatda slayd nümayişi ilə toplanan sənədlərdən bəziləri haqqında geniş məlumat verilib. Bildirilib ki, Türkiyədəki arxivlərdən Naxçıvan tarixinin bütün dövrləri ilə bağlı materiallar toplanıb. Bu sənədlərdən ən qədimi XII əsrə aiddir.
Sonda akademik İsmayıl Hacıyev yeni arxiv materiallarını elektron variantda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təqdim edib. İdarə rəisi Mehman Məmmədov təqdim edilən arxiv materiallarına görə minnətdarlıq edib. Mərasimdə yeni sənədlərin Naxçıvanın tarixi, mədəniyyəti, müxtəlif tarixi dövrlərdəki sosial-iqtisadi həyatı ilə bağlı araşdırmalara töhfə verəcəyinə əminlik ifadə olunub.
XQ

