Noyabrın 28-də Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən fövqəladə hallar könüllülərinin təqdimat mərasimi keçirilib.
Nazir, general-polkovnik Kəmaləddin Heydərov fövqəladə hallar könüllülərinin təqdimat mərasiminin xalqımızın və dövlətimizin tarixində çox əlamətdar vaxta – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini məmnuniyyət hissi ilə qeyd edib.
Nazir bildirib ki, Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən öz siyasətində daim gənclərə qayğı göstərib, sağlam gəncliyi milli inkişaf strategiyamızın tükənməz mənbəyi adlandırıb.
K.Heydərov qeyd edib ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə dövlətimizin parlaq gələcəyi üçün böyük səylə çalışır, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında yaxından iştirak edir.
Nazir vurğulayıb ki, gənclərə daim qayğı ilə yanaşan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fədakarlıq, bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan möhtəşəm layihələr müsbət nəticələrini verir.
Sonra Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov Azərbaycan könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verərək, “fövqəladə hallar könüllüləri proqramı”nın həyata keçirilməsinin könüllülər hərəkatının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra “Fövqəladə Hallar Könüllüləri” proqramının təqdimat və təlimləri barədə videoçarx nümayiş olunub, proqramın loqo və könüllülərin geyim formasının təqdimatı keçirilib. Fövqəladə hallar könüllülərini təmsil edən Ayla Aslanlı və Emin Ocaqverdiyev respublikamızda könüllülər hərəkatının yaradılmasında göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
XQ

