Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 iyul tarixli Sərəncamına əsasən, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bölmələrindən birində bu münasibətlə tədbir keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər Şəhəri Gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğu xüsusi vurğulanıb.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə hərbi qulluqçular Azərbaycan Ordusunda, xüsusilə azad olunmuş ərazilərdəki bölmələrdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.