Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və gənclərlə görüşünün 30 illiyinə həsr olunmuş "Gənc-Fest" festivalının 250-yə yaxın iştirakçısı noyabrın 25-də Milli Məclisə olub.
Əvvəlcə parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, plenar iclas zalında müasir texnologiyaların nailiyyətlərindən istifadə edilməklə yaradılmış iş şəraiti, səsvermə və qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında geniş məlumat verilib.
Bildirilib ki, parlamentin binasında müstəqil Azərbaycanın memarı olan Ümummilli liderin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. Gənclər burada Ulu öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
Sonra qonaqlar Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsini ziyarət ediblər.
Sonda qonaqlar foyedə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdiriblər.
Ə.BƏDƏLOV
XQ