Milli Məclisin deputatları – Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və qrupun üzvü Elşad Mirbəşiroğlu bu ölkədə işgüzar səfərdədirlər.
Səfərin ilk günündə parlamentin nümayəndə heyəti Mexiko şəhərində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Onlar Meksika Konqresinin inzibati binası və “Qanunvericilik Muzeyi” ilə tanış olub, o cümlədən, Konqresin növbəti plenar iclasında iştirak eidiblər. Konqresin vitse-prezidenti Azərbaycan nümayəndə heyətini səmimi şəkildə salamlayıb və Meksikada onu görməkdən məmnunluq duyduqlarını bildirib.
Deputatlar Palatasının sədri Marsela Kastiyo və Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə ikitərəfli görüşlər keçirilib. Qrupun sədri A.Viyeqas çıxış edərək, Meksikanın dost ölkə və mühüm tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva səfərə dəvətə görə təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən, parlament diplomatiyasının önəmli yer tutduğunu deyib.
Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov isə səmərəli parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verdiyini vurğulayıb.
XQ