Moskvada Azərbaycanın Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib

post-img

Azərbaycanın Moskvadakı səfirliyində Qarabağda böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

Səfir Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında çıxış edib. O bildirib ki, 8 Noyabr – Zəfər Günü tarixi ədalətin bərqərar olmasının, beynəlxalq hüququn təntənəsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir. Bu gün ölkəmizin mədəni paytaxtı Şuşa azad edilib. Zəfər Günü milli qürur günü olması ilə yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin uzun illər davam etmiş işğalına son qoyulduğu gündür.

Səfir bu şanlı qələbənin xalqımızın birliyi və mübariz ruh yüksəkliyinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun məharətinin nəticəsi olduğunu söyləyib, Qələbə naminə canlarından keçmiş Azərbaycanın cəsarətli oğul və qızlarının əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.

Polad Bülbüloğlu 30 illik işğal dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququ pozduğunu, o cümlədən hərbi cinayətlər və soyqırımı aktları törətdiyini söyləyib, Ermənistanın bilərəkdən və müntəzəm olaraq Azərbaycanın mədəni irsini məhv etdiyini və mənimsədiyini vurğulayıb.

Səfir münaqişənin sülh yolu ilə həlli naminə beynəlxalq səylər və çoxsaylı tədbirlərin nəticəsiz qaldığını, beynəlxalq birliyin Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə məcbur edə bilməyərək ikili standartlar tətbiq etdiyini, nəticədə təcavüzkarın siyasi və hərbi təxribatlar həyata keçirdiyini, ultimatumlar irəli sürdüyünü və yeni ərazilər işğal etmək naminə daha bir müharibə planlaşdırdığını bildirib. Nəticədə 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycan silahlı qüvvələri və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi hücuma cəhd etdiyini qeyd edib. O vurğulayıb ki, Azərbaycan tərəfi təcavüzün qarşısını almaq və mülki əhalinin müdafiəsi məqsədilə BMT Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, ölkəmizin öz suveren ərazisində beynəlxalq hüquq çərçivəsində çox uğurlu hərbi əməliyyat keçirərək, 44 gün müddətində 300-dən artıq şəhər, qəsəbə və kəndi işğaldan azad edib. Şuşa şəhəri azad edildikdən sonra Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur qalıb.

Səfir bildirib ki, üç ölkənin lideri tərəfindən 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat Ermənistan və Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoyaraq, regionda uzunmüddətli sülhün yaranması, həmçinin sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün imkan yaradıb.

O, işğalın ağır nəticələrinə baxmayaraq, suverenitet və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması prosesinin təşəbbüskarının məhz Azərbaycan Prezidentinin olduğunu diqqətə çatdırıb.

Polad Bülbüloğlu lakin Ermənistanın və onun Azərbaycanın suveren ərazisindəki qeyri-qanuni separatçı törəməsinin hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq istəmədiyini, ərazilərin minalamasını, təbii resursların qanunsuz istismarını davam etdiyini, həmçinin ərazi iddiaları irəli sürərək regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaratdığını bildirib.

Səfir Ermənistanın davam edən təcavüzkar və revanşist siyasətinin mülki əhali və hərbiçilər arasında yeni insan tələfatına gətirdiyini nəzərə alaraq, bu il sentyabrın 19-da Azərbaycanın bir sutkadan az davam edən lokal xarakterli uğurlu antiterror tədbirləri keçirdiyini, qanunsuz erməni hərbi birləşmələrini tərk-silah etdiyini, separatçıların qeyri-qanuni qurumlarının özünü buraxmaq qərarı verməyə məcbur qaldıqlarını, bütün tədbirlərin beynəlxalq hüquqa və humanitar hüququn normalarına uyğun olaraq həyata keçirildiyini qeyd edib.

Səfir 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını qaldırdığını və bununla ölkəmizin öz ərazisində suverenliyini tamamilə bərpa etdiyini vurğulayaraq, bu münasibətlə müzəffər xalqımızı təbrik edib.

Azərbaycanın səfiri bu möhtəşəm hadisənin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsinin bu günə xüsusi əlamətdarlıq gətirdiyini vurğulayıb, atasının layiqli davamçısı kimi Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb.

Səfir Ulu Öndər Heydər Əliyevin bugünkü Azərbaycanın memarı olduğunu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün qorunması və müstəqil siyasət aparmasında onun müstəsna xidmətlərini vurğulayıb.

Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada geniş qeyd edildiyini bildirib, gələn il 50 illiyi qeyd olunacaq Baykal Amur Magistralının (BAM) inşaatçılarına xüsusi təşəkkür edərək vurğulayıb ki, onlar BAM-ın tikintisinin məhz Heydər Əliyevin prinsipiallığı və aktiv fəaliyyəti nəticəsində başa çatdığını hər zaman söyləyirlər.

Səfir hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işlərinin aparıldığını, bu məqsədlə Azərbaycan büdcəsindən 10 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını və bərpa işlərinin dövlətin öz imkanları hesabına həyata keçirilməsinin unikal və misilsiz post-münaqişə bərpa modeli olduğunu vurğulayıb, yaxın üç il ərzində Qarabağ regionu və Şərqi Zəngəzura 100 mindən artıq insanın qayıdacağını qeyd edib.

Çıxışının sonunda Azərbaycanın səfiri Böyük Qələbə münasibətilə xalqımızı təbrik edib və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirdi.

Ziyafət zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılıb, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

Tədbirdə Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yüksək vəzifəli diplomatlar, hərbi attaşelər, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və Azərbaycan diasporunun tanınmış təmsilçiləri iştirak ediblər.(AZƏRTAC)









Son xəbərlər