Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub

post-img

Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Qəbulda Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqi, bu ölkənin müdafiə istehsalı üzrə federal nazirinin müavini Humayun Əhməd, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatlar, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan Dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov hər il ölkəmizdə 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb və müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin dərin hörmətlə yad edildiyini bildirib.

Səfir Ermənistanın 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığını, bu ərazilərdə hərbi cinayətlər törətdiyini və azərbaycanlılara qarşı etnik təmizləmə apardığını vurğulayıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunduğunu deyən səfir Ermənistanın bu qətnamələrə məhəl qoymadığını bildirib və bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini nəzərə çatdırıb. Ölkəmizin artıq tarixdə qalan Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə səy göstərdiyini, lakin Ermənistanın status-kvonu saxlamağa çalışdığını və hətta işğal dövründə mütəmadi olaraq hərbi təxribatlar törətdiyini vurğulayıb. X.Fərhadov Ermənistanın işğal zamanı Azərbaycanın şəhər və kəndlərini yerlə-yeksan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını, müqəddəs abidələrimizi təhqir edərək məscidlərdə heyvan saxladığını diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən söz açan səfir Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 2020-ci ildə tarixi torpaqlarımızı erməni işğalından azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə bildirib. 

X.Fərhadov bu ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən davam edən təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.

Səfir işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işlərindən söhbət açaraq Füzuli, Zəngilan, Laçın Beynəlxalq Aeroportları, eləcə də “Böyük Qayıdış” proqramı barədə danışıb. Azərbaycanın etnik erməni sakinlərinin ölkəmizə reinteqrasiyası istiqamətində Azərbaycanın atdığı addımlardan, habelə tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının vacibliyindən bəhs edib.

Çıxışı zamanı Azərbaycan və Pakistan münasibətlərinə toxunan X.Fərhadov bu ölkənin həm keçmiş Qarabağ münaqişəsi, həm də Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini vurğulayıb və bu dəstəyə görə Pakistana təşəkkürünü ifadə edib.

Murtaza Solanqi çıxışı zamanı  Pakistanın Baş naziri Ənvər ul Haq Kakar adından Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Nazir   işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini yüksək qiymətləndirib.

Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini əminliklə dilə gətirib. 

Sonda Zəfər Gününün üçüncü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib. 

Tədbirdə həmçinin tarixi qələbəmizi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Pakistanın Azərbaycanla həmrəyliyini əks etdirən  videoçarxlar nümayiş etdirilib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad       











Son xəbərlər