Zəfər mesajı: Xalq – Prezident həmrəyliyi və informasiya müharibəsinin ideoloji motivləri

post-img

Qırx dörd günün təcrübəsi və bitməyən savaşın növbəti uğur təminatları

Qırx dörd günlük Vətən müharibəsi ilə ərazi bütövlü­yümüzə qovuşmaq iradəmizi ortaya qoyanda bizə qarşı çıxanlar indi də suverenliyimizin tam bərpasından qeyz­lənib hərəkətə keçiblər. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də iflasa uğramış Ermənistan yeni reallıqlar formalaşdırmağa cəhd göstərir, bunun üçün ən müxtəlif üsul və vasitələrə əl atır. Bu “fəaliyyə­tin” ayrı-ayrı elementlərinin təhlili göstərir ki, İrəvan üç il əvvəl olduğu kimi, yenə informasiya müstəvisində ma­nipulyasiyalara baş vurur, Azərbaycan cəmiyyətinə he­sablanmış müəyyən qıcıqlandırıcı gedişlər edir. Deməli, informasiya savaşı aktuallığını qoruyur. Bəli, hazırda baş verən proseslərə diqqət yetirəndə, ölkəmizə qarşı ünvanlanmış hədyanları görəndə, Vətən müharibəsin­dəki Zəfərin informasiya təminatının necə böyük anlam daşıdığına bir daha əminlik yaranır. 

***

Vətən müharibəsi günlərində Azərbaycan dünya si­yasətinin mərkəzində idi. Mərkəzdə dayanmaq isə asan olmadığından, ölkəmizə qarşı çeşidli beynəlxalq təzyiqlər labüd idi. O zaman durum belə idi: sanki, müharibəni baş­layan da bizik, işğalçılıq niyyətini güdən də. Həqiqətən, dəhşətli mənzərə yaşanırdı. İnsan belə namünasib vəziy­yətlərdə nə edəcəyini bilmir. Etiraz əlaməti olaraq hayqır­maq, həqiqətləri anlatmaq istəyir. Zəfərimizin informasi­ya təminatı bu hayqırtını çatdırmaq əzmimizin məhsulu kimi meydana çıxdı. Reallığı ən uca səslə anladan isə O idi – Azərbaycan Prezidenti İlham Əliyev. Qətiyyət­lə deyə bilərik ki, 44 günlük müharibədəki Zəfərimizin –həm döyüş, həm də informasiya cəbhəsindəki qələbələrimi­zin memarı da dövlətimizin başçısıdır.

Azərbaycan Prezidenti dünyanın müxtəlif nüfuzlu media orqanlarına verdiyi otuzdan çox müsahibə ilə beynəlxalq aləmdə getdikcə güclənən anti-Azərbaycan mahiyyətli “in­formasiya seli”nin qarşısına çıxdı. Nəinki çıxdı, eyni zaman­da, həmin yanlış “informasiya seli”ni ram edə bildi. Bunu özünün məntiqi, erudik təfəkkürü, ardıcıllığı ilə etdi. 

Prezident İlham Əliyevin müsahibələri sayəsində ölkə­mizlə bağlı mənfi informasiya axını təsirini itirdi. Dünya öz torpaqlarını düşməndən xilas yolunda göstərilən prinsipial­lığı və qətiyyəti gördü. Beynəlxalq ictimaiyyət əmin oldu ki, Azərbaycanın apardığı savaş ədalətli haqq davasıdır. İn­formasiya müharibəsində qələbəyə aparan ilk uğur da bu əminliyin formalaşması idi. Əlbəttə, Azərbaycan liderinin 44 günlük müharibə müddətində apardığı informasiya savaşı­nın başqa vacib cəhətləri də var ki, onlar barədə yazımızın son bölümündə söz açacağıq. Hələlik isə… 

***

Bəli, cənab İlham Əliyevin arqument bolluğu Azərbaycan dövləti ilə mediası arasındakı qarşılıqlı əməkdaşlığı yeni və daha səmərəli müstəviyə çıxardı. Ordumuzun artan uğurları fonunda bu əməkdaşlıq cəmiyyətdəki monolitliyi gücləndirdi. Fikrimizi əsaslandırmaq üçün bir məqamın üzərində daya­naq. Müharibənin ilk günlərində daxilimizdəki anti-milli qü­vvələr, yalançı pasifistlər hərəkətə keçdilər. Onlar xaricdən aldıqları “direktivlər” əsasında müharibə əleyhinə çağırışlar səsləndirdilər. Azərbaycan dövlətinin bütün sahələrdə apar­dığı siyasətə qarşı çıxdıqları kimi, ordu quruculuğu ilə bağ­lı işlərə də kölgə salmağa çalışdılar. Cəmiyyətdə qələbəyə inamsızlıq ruhu aşılamaq istədilər. 

Dövlət başçımızın qətiyyəti, əsl həqiqətləri demək bacarığı belə mənfi meyillərin qarşısına sipər oldu və daxildəki əks qüv-vələr cəmiyyətdəki monolitliyin qarşısında duruş gətirməyin mümkünsüzlüyünü anladılar. Sanki qurbağa gölünə daş atıl­dı. Nəticədə xaricdəki anti-milli qüvvələr də tədricən susma­ğa məcbur oldular. Həm onlarda, həm də daxildəkilərdə belə rəy formalaşdı ki, xalqın ruh yüksəkliyinin qarşısında duruş gətirmək, onun əzmini sarsıtmaq qeyri-mümkündür. Hesab edirik ki, informasiya müharibəsindəki qələbənin şərtlən­dirən mühüm amillərdən biri də məhz budur.

Vətən müharibəsi zamanı informa­siya sferasında gedən proseslər, sanki bir-birini tamamlayırdı. Medianın proses­lərə düzgün reaksiyasının formalaşma­sı dezinformasiyaların cəmiyyətə mənfi təsir yükünü minimuma endirdi, onları getdikcə tamamilə sıradan çıxardı. Bu, ölkəmizin müvafiq dövlət qurumlarının, xüsusən Müdafiə və Xarici İşlər nazirlik­lərinin səmərəli fəaliyyəti ilə təmin edildi. Hər iki qurum müxtəlif mənbələr tərəfin­dən yayılmış informasiyalara kifayət qə­dər çevik reaksiyalar verməklə yanaşı, medianı həm cəbhə ilə bağlı doğru-dü­rüst məlumatlarla operativ şəkildə təmin etdi, həm də dezinformasiyaların insan­lara təsirini önlədi. 

Digər tərəfdən, geniş ictimaiyyət – ziyalı təbəqə, qeyri-hökumət təşkilatları­nın təmsilçiləri, eləcə də jurnalistlərimiz gördülər ki, Azərbaycan dövləti düşmə­nin məlumat cəbhəsinin sistemli təhlilini aparır. Bu cəhətin özünü ortaya tutarlı, inandırıcı əks arqumentlərin qoyulmasın­da göstərməsi əminliyi birə-beş artırdı. Nəticə etibarilə vətəndaşların dövlətin re­allaşdırdığı tədbirlərə münasibətdə adek­vat dəstək davranışları özünü göstərdi. Hesab edirik ki, informasiya müharibə­sində bu da son dərəcə mühüm amildir. 

***

Daha bir məqama diqqət yetirək. Vətən müharibəsi günlərindəki durumu təhlil edərkən, görürük ki, Azərbaycan Ordusunun əzminin yüksəlməsi də in­formasiya cəbhəsinin genişlənməsinə və dolğunlaşmasına öz müsbət təsirini göstərib. Hərbi birləşmələrimizin uğurlu əməliyyatları bu cəbhədəki sistematik­liyin qorunmasında, pərakəndəliyin ya­ranmamasında həlledici rol oynadı. Belə bir durumda isə təbliğat sahəsindəki əks qütblər nəinki növbəti həmlə üçün şans qazana bilmədilər, hətta, bu barədə dü­şünmək imkanlarından da məhrum oldu­lar. 

***

İkinci Qarabağ müharibəsi müd­dətində ölkəmizə qarşı yönəlmiş infor­masiya təhlükəsinin xarici seqmentinə xüsusi diqqət yetirməyə ehtiyac var. Nəzərə alaq ki, savaş günlərində dün­yanın müxtəlif ölkələrindəki erməni lobbi və diaspor təşkilatları da Azərbaycanla bağlı mənfi təəssüratın yaranmasına ciddi-cəhdlə səy göstərirdilər. Unutmaq olmaz ki, işğalçı Ermənistan yalnız öz or­dusuna deyil, həm də bu amilə güvənirdi. İrəvanda əmin idilər ki, xaricdəki lobbiçilik Azərbaycanı təcavüzkar kimi tanıtdırmaq gücünə malikdir və guya, Bakı bu təzyiqi düşünərək müharibə apara bilməyəcək.

Bəli, İkinci Qarabağ müharibəsi ilə bağlı ermənipərəst qüvvələr tərəfindən yayılmış fikir və baxışlar dünyanın müxtə­lif ölkələrinin telekanallarında yayımlan­mış siyasi tok-şouların, birtərəfli reportaj və sujetlərin ana xəttini təşkil edirdi. La­kin erməni lobbi və diaspor təşkilatlarının “dirijor çubuğu” ilə hərəkətə gətirilmiş xa­rici media da gördü ki, müharibəni yalnız siyasi məqsəd daşıyan qəsbkar avantüra kimi göstərmək cəhdləri fayda verməyə­cək. Bu qüvvələr Azərbaycandakı xalq–hakimiyyət birliyinin savaşa qazandırdığı müqəddəslik obrazı qarşısında duruş gə­tirilməsinin mümkünsüzlüyünü, bu amillə hesablaşmağın vacibliyini duydular. 

***

Azərbaycanın haqq işi olan Vətən müharibəsində Türkiyə amili xüsusi vurğulanmalıdır. Müharibə ulu öndər Heydər Əliyevin “bir milllət, iki dövlət” şüarı ilə illərə söykənmiş işbirliyinin konkret nəticələrini ortaya qoydu. Qa­rabağ davası Türkiyəni yalnız regional deyil, eyni zamanda, qlobal güc kimi təsdiqlədi. Bu amil informasiya savaşın­da da ön plana çıxdı. O çətin günlərdə Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyətini gördük. Bu fəaliyyətdə Azər­baycanın Qarabağ amalı həm də Türkiyə cəmiyyətinin müqəddəslik simvoluna çevrildi. Qarabağ yolu ilə eyniləşdi. 

Bəli, 44 günlük müharibə sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı yük­sək inama, etimada əsaslanmış əmək­daşlıq, beynəlxalq arenada birgə siyasi fəaliyyət platforması ilə yanaşı, həm də müstəsna güc faktorudur. Türkiyə me­diası bu gücü dünyaya daha sistemli və dolğun şəkildə nümayiş etdirməklə Qələ­bəmizdə müstəsna pay sahibinə çevrildi.

***

Vətən müharibəsindəki Zəfərin infor­masiya təminatı barədə söz açarkən, nə­hayət, ən vacib məqama diqqət yetirək. Əslində, yazımızın əvvəlində bu barədə söz açmış və bildirmişdik ki, məsələyə qayıdacağıq. Fikrimizi əsaslandırmaq üçün hələ işğal illərində müşahidə et­diyimiz bir tendensiyaya diqqət yetirək. Məlum olduğu kimi, bir qayda olaraq Ermənistan və erməni lobbi və diaspor təşkilatları Azərbaycan əleyhinə hədyan­lar yağdırır, ölkəmiz onlara cavab verirdi. Lakin müharibə müddətində müasir döv­lətçilik tariximizdə bir ilk yaşandı. Azər­baycan informasiya müharibəsində də hücuma keçdi. Yəni, ordumuzun hücum strategiyasını ideoloji hücum tamamla­dı. Tam qətiyyətlə demək olar ki, Azər­baycanla bağlı mənfi informasiya selini neytrallaşdıran bu hücumun ən böyük sərkərdəsi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əli­yev oldu. Dövlətimizin başçısı haqqında əvvəldə söz açdığımız çoxsaylı müsahi­bələrindəki fikirləri ilə sanki stereotipləri sıradan çıxardı, baxışlarımızı, Qarabağ ideyamızı bilavasitə hücum taktikasına köklədi. 

Bəli, qətiyyətlə söyləmək olar ki, cənab İlham Əliyev Vətən müharibə­sində məhz hücum mövqeyində da­yandı, həqiqətlərimizi ənənəvi müdafiə ampluasından çıxardı. Dövlətimizin baş­çısının müsahibələrindəki əzmkar ritorika sayəsində artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər tarixi və beynəlxalq hüquq baxımından sistemli şəkildə açıqlandı. Nəticədə həm ölkəmizin haqlı mövqeyinin müdafiəsin­də prinsipiallıq yarandı, həm Ermənista­nın və onun rəhbərliyinin saxtakarlığı ifşa edildi, həm də ideoloji təxribat və mani­pulyasiyalara rəğmən ordumuzun cəhbə­dəki uğurları leqallıq qazandı. 

Prezident İlham Əliyevin xalqa mü­raciətləri tutduğu mövqedən, baxışların­dan, sosial statusundan asılı olmayaraq, hər bir sıravi azərbaycanlını informasiya müharibəsinin əsgərinə çevirdi. İnsanla­rımız Ali Baş Komandanın fikirləri ilə həm müharibəyə köklənərək ideoloji zireh qa­zandılar, həm də kənar təsirlərdən, eləcə də informasiya diversiyalarının mənfi tə­zahürlərindən qorundular. Onu da xüsu­si vurğulayaq ki, dövlətimizin başçısının müraciətlərinə xalqın reaksiyası, bu fon­da formalaşmış Xalq–Prezident həmrəy­liyi həm də dünyaya ünvanlanmış kifayət qədər ciddi mesaj idi. Bu, eyni zamanda, Zəfər mesajı idi. 

***

Sonda Azərbaycanın 44 günlük mü­haribədəki Zəfərinin informasiya təminatı ilə bağlı söylədiklərimizi ümumiləşdirərək bir mühüm məqamın üzərində dayanma­ğı vacib sayırıq. Fikrimizi əsaslandırmaq üçün “Media haqqında” Qanundakı “Me­dia savadlılığı” anlayışına müraciət edə­cəyik. Kifayət qədər geniş məzmun daşı­yan və son dərəcə vacib olan bu anlayış özündə kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni, informasiyanı müxtəlif kontekstlərdə isti­fadə etməni və təhlil aparmaq qabiliyyəti­ni ehtiva etməkdədir. 

Prezident İlham Əliyevin 44 günlük müharibə müddətindəki istər xarici me­diaya çoxsaylı müsahibələri, istərsə də xalqa müraciətləri hər bir azərbaycanlıya informasiya savaşında savadlı və səliqəli davranmağı, daha dəqiq desək, tədbirli olmağı aşıladı. Dövlətmizin başçısının bunun üçün, əslində, çox sadə və effek­tiv yolu seçdiyini deyə bilərik. Onun hər nitqi təpədən-dırnağa səmimiyyət not­larına köklənmişdi. Elə bir səmimiyyətə ki, onda Prezident vətəndaşın gözündə yalnız dövlət başçısı deyildi, o, eyni za­manda, əmiyə, dayıya, babaya, qardaşa, bir sözlə, ən doğma insana çevrilmişdi. Cənab İlham Əliyevin səmimiyyəti xalqı­mızın informasiya savaşında iştirak edən hər bir nümayəndəsini dərin inam hissi ilə silahlandırdı. 8 Noyabr Zəfərini do­ğurmuş bu kökləniş, eyni zamanda, son dərəcə vacib təcrübədir. Çünki, əvvəldə də bildirdiyimiz kimi, informasiya savaşı­mız davam edir. 

 

Əflatun AMAŞOV,
baş redaktor



Siyasət