İranda yeni tədris ili “professorların ovu” ilə başlayıb. Onlara qarşı təzyiqlərin davamı olaraq Tehran İncəsənət Universitetinin iki professoru olan Məsud Oliya və Firiştə Hüseyni Şəkib də universitetdən qovulduqlarını açıqlayıblar.
İncəsənət Universitetinin sənət fəlsəfəsi professoru Məsud Oliya İnstaqram səhifəsində universitetin idarə heyətinin müqavilə müddətinin uzadılması ilə razılaşmadığını bildirən məktubunun təsvirini dərc edib. Alim universitetin bu qərarına cavab olaraq yazıb: “İncəsənət Universitetində 12 ildən sonra işdən çıxarıldım. Onların yersiz davranışlarına dediyim böyük “yox”a cavab olaraq universitetdə davamiyyətimə kiçik bir “yox” dedilər və bununla fəxr edirəm”.
Animasiya professoru Firiştə Hüseyni Şəkib də öz İnstagram səhifəsində oxşar xəbər yayıb. Əxlaq polisi zorakılığı nəticəsində Məhsa Əmininin ölümündən sonra baş verən geniş etirazlardan sonra universitetlər etirazların əsas mərkəzlərindən birinə çevrilib. Bu səbəbdən hökumət etirazçı öyrənci və professorlarla sərt davranmaqdadır.
Mənbələrdən alınan məlumatlara görə, etirazları dəstəkləyən və cəzaları tənqid edən professorların işdən çıxarılması dalğası, eləcə də məcburi hicabla bağlı öyrəncilərə qarşı təzyiqlər yeni tədris ilindən daha da güclənib.
Hüseyn RƏHİMZADƏ

