O, ananı əvəz edə bilməsə də, ailənin dayağı ola bilər
Min arzu - istəklə dünyaya övlad gəlir. Hər bir valideyn ciyərparasını cəmiyyətə layiq, qəlbində Vətən sevgisi, doğmalara, dostlara, ətrafına məhəbbət və sədaqət ruhunda tərbiyə etmək istəyir. Körpənin sağlamlığı, qidalanması, gününə-ayına uyğun böyüməsi əsas qayğıya çevrilir.
Hər ana istəyir ki, öz azyaşlı övladının tərbiyəsi ilə özü məşğul olsun, onun gözəl anlarını izləsin, böyüdüyünü müşahidə etsin. Lakin bir çox hallarda həyat şərtləri buna imkan vermir. Son illərdə dilimizə “baxıcı–dayə” ifadəsinin daxil olması ötən əsrlərin zadəgan ailələrinin həyat tərzini xatırladır. Valideyn zənginlik içində günlərini gəzib dolanmaqla, dostları ilə müxtəlif qonaqlıqlarda keçirir, övladlarını dayələrə (mürəbbiyə) etibar edirdilər. Uşaqların əylənməsi, yeyib-içməsi, gəzintisi, yatması, oxuması dayənin nəzarəti ilə həyata keçirilirdi. Söhbət bəy, yaxud statusu olmayan çox zəngin ailələrdən gedir.
Bəs bu gün vəziyyət necədir? Dayəyə ehtiyac o qədər artıb ki, son zamanlar ölkədə “dayəlik institutu” ilə bağlı müraciətlər artır. İşini itirməmək üçün azyaşlı uşağına dayə tutan analar, buna razılıq verən ataların əksəriyyəti az keçmədən qəbul etdikləri qərara görə təəssüflənirlər. Çünki uşağını dayəyə etibar edəndə evin açarları da ona etibar edilir. Bu isə bir çox hallarda uşağa qarşı zorakılıq və digər neqativ hallarla müşayiət olunur.
Yaxşı xatırlayıram ki, həmkarımız Hamlet Qasımovun qızı işə analıq məzuniyyətindən erkən qayıtmalı olduğundan uşağına dayə tutmuşdu. Bir, iki, üç... Hər gələn dayə onlara bir problem yaşatmışdı... Nəhayət, körpə yüksək xasiyyətnamə və zəmanətlə gələn dayəyə etibar edildi və evə kamera quraşdırıldı. Amma cəmi bir həftə sonra kamera görüntülərinə baxanda dayənin uşaqla münasibəti valideynləri də, nənə-babanı da heyrətə gətirdi. Evdə kamera olduğunu bilə-bilə qulağında telefon uşaqla cansız gəlincik kimi davranan dayənin zorakı hərəkətlərinə etinasız qalmaq mümkün deyildi...
Məqsədimiz dayələrin işinə, davranışına kölgə salmaq deyil. Peşəsini sevən, uşağa doğması kimi yanaşan, onun sağlıq durumuna cavabdeh olan, xəstələnəndə yanından çəkilməyən, vicdanla çalışan dayələr az deyil. Analar işləmək məcburiyyətində qaldıqları üçün dayə xidmətinə müraciət edirlər. Ümumiyyətlə, dayəlik Azərbaycanda son 10–15 ildə yaranmış, ənənəsi olmayan yeni sahədir.
Statistikaya görə, ölkəmizdə təxminən 30–40 min belə işçi var. Aidiyyəti orqanlar onlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, bu, mümkünsüzdür. Əslində, yaxşı olar ki, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs (dayə, baxıcı) anlayışı gətirilsin. Ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu, ev işləri qeyri-formal sektordan formal sektora keçirilənə qədər qalsın.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “dayəlik institutu”na, “dayə” peşəsinə münasibəti çağdaş tələblərə əsaslanır:
– Müraciətinizə cavab olaraq bildiririk ki, ailə çoxuşaqlı olduqda, valideynlər işlədikdə və ya digər səbəblər yarandıqda uşaqlara qayğı göstərmək üçün “dayə xidməti”ndən istifadə edilir. Dayələrin əsas vəzifəsi, uşaqların rifah halını təmin etmək, uşaqlarla qarşılıqlı münasibət qurmaq, valideynlərin təlimatına uyğun olaraq onların qayğısına qalmaq, inkişaf və böyüməsinə yardım etmək, mürəkkəb situasiyalarda yol göstərmək, münaqişələri həll etmək, cəmiyyətdə düzgün ünsiyyət və davranış qaydalarını mənimsəməsinə köməklik etməkdir.
Dayənin vəzifələri bir qədər genişlənərək digər məişət və uşaqla bağlı işləri də əhatə edə bilər. Buraya evin saxlanılması, yeməyin bişirilməsi, uşaqların açıq havada gəzintisi, cari işlərin görülməsi və s. daxil ola bilər. Dayə bu vəzifələri öz evində də həyata keçirə bilər.
Dayələr təcrübəli olmalı, bütün yaş qruplarından olan uşaqlarla işləməyi, məktəbyaşlı uşaqların təlim bacarıqlarının inkişaf etdirilməsinə köməklik göstərməyi, uşaqlara gündəlik rejim və gigiyenik qaydaları aşılamağı bacarmalıdır. Dayələrin şəxsi keyfiyyətləri arasında səbrli, təmkinli olması, emosional baxımdan müvazinətliliyi və uşaqlara sevgi ilə yanaşması çox önəmlidir. Bundan əlavə, dayənin intellektual inkişaf səviyyəsi, müxtəlif sahələr üzrə məlumatlı olması da əhəmiyyətlidir. Dayələrin seçilməsi zamanı onların tibbi, narkoloji, psixiatrik müayinədən və psixoloji testlərdən keçirilməsi mütləqdir. Dayə işləmək istəyənlər fiziki və psixi baxımdan sağlam olmalıdırlar.
Nazirlər Kabinetinin qərarı ilə “Peşə təhsili üzrə ixtisasların təsnifatı”na dəyişiklik edilmiş və “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə “dayə” ixtisası əlavə edilmişdir. Elm və Təhsil Nazirliyinin “dayə” ixtisası üzrə təhsil proqramı təsdiq olunmuşdur. Dayələrin peşəkar hazırlığı üçün onların xüsusi tədris proqramlarına cəlb olunması, bu sahədə ixtisaslı kadrların hazırlanması mütləqdir.
Bəs psixoloqlar nə düşünür? Uşağın böyüməsi və tərbiyəsində dayənin rolu vacibdirmi?
Psixoloq Şəhla Quliyevanın fikrincə, uşağı, əsasən, ana böyütməlidir. Dayə ilə böyüyən uşaqla valideyn nəzarətində olan uşaq arasında xeyli fərq olur:
– “Dayə uşaqları” ailəyə çox bağlı olmur. Onlar ata-anasını evə gedib-gələn qonaq kimi görürlər. Valideynlə uşaqlar arasında dayə bir vasitəçi, bəzən isə sədd rolunu oynayır. Uşaq valideynindən daha çox dayəsinin xasiyyətini, vərdişlərini mənimsəyir. Dayə uşağa öz tərbiyə üsulunu, dünyagörüşünü, ətrafa münasibətini və baxışını öyrədir. Bu isə valideynlə övladı arasında yadlıq yaradır. Hər dayə canyandıran olmur. Doğrudur, nadir hallarda uşağına laqeyd olan valideynlər olsa da, yenə övladına dayədən daha yaxın olur.
Dayə xidmətindən istifadə edən, bu sahədə “bəxti gətirən” oxucumuz Ceyhunə Məmmədova deyir:
– İşimlə əlaqədar dayəyə ehtiyac duymuşam. Uşağımı məcburiyyətdən 4 aylığından 2 yaşına qədər dayəyə etibar etməli olmuşam. Körpəmə əsil analıq edib. Temperaturu olanda belə narahat etməmək üçün mənə xəbər verməyib, işdən dönənə qədər nə lazımdırsa edib və hərarətini salıb. Qızım iki ildir dövlət bağçasına gedir, 4 yaşı var. Dayəsi arada onu görmək üçün bizə gələndə qollarını yana açıb elə qucaqlayır ki, qısqanıram. Amma hər şeyə görə ona minnətdaram.
Araşdırmalar sübut edir ki, müəllim olmaq da hələ uşaq psixologiyasına bələd olmaq, uşaqla davranış qaydalarını bilmək demək deyil. Amma dayə uşaq psixologiyasını bilməlidir. Bu, xüsusi bir peşədir. İnkişaf etmiş ölkələrdə dayələrin hazırlanması üçün xüsusi təlim kursları, məktəblər təşkil edilir. Həmin ölkələrdə dayələr agentlik vasitəsilə tapılır. Bu agentliklər dayələrə xüsusi dərslər kecir, metodik bilgilər və ingilis dili öyrədirlər. Avropanın bir çox ölkəsində isə dayələri hazırlamaq üçün 1–2 aylıq kurslar təşkil olunur. Burada onlar psixologiya, pedaqogika, tibbi bilgilər əldə edirlər. Dayələrə uşaqla davranış, körpənin saxlanması, ilkin tibbi yardım kimi qaydalar öyrədilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, Bakıda peşə liseylərində bu ixtisas qəbul planına salınmır. Hazırda Ticarət və Xidmət üzrə Gəncə və Qəbələ Dövlət Peşə Təhsil mərkəzlərində, Beyləqan Peşə Məktəbində dayə ixtisası tədris olunur. Qeyd edək ki, Gəncədə artıq üçüncü ildir ki, dayə ixtisası üzrə hər il 20 tələbə təhsil alır və 1 və ya 2 illik təhsil müddətində Gəncə Körpələr evi və şəhərdə yerləşən uşaq bağçalarında təcrübə keçirlər. Təhsil alanlar körpələr evi–uşaq bağçalarında dayə peşəsi üzrə fəaliyyət göstərirlər.
Maraqlı odur ki, bəzi zəngin ailələr uşaqlarının tərbiyəsi üçün Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətizdirirlər. Həmin dayələr də uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Bu, bizim genefondumuza da zərbə vurur, milli- mənəvi dəyələrimizə də ziddir. Çünki həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilsələr də, cəmiyyətə baxışları fərqli olur. Bu isə olduqca təhlükəli tendensiyadır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Dəstək Mərkəzi” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “Baxıcı-dayə” layihəsi çərçivəsində bu ilin avqust ayından praktik məşğələlər təşkil edilib. 40 saatı əhatə edən məşğələlərdə iştirakçılar ahıl və əlilliyi olan şəxslərdə baş verən fizioloji dəyişikliklər və bununla əlaqədar yaranmış psixoloji təsirlər, yaşlılıq dövrünün aktual xəstəlikləri, ilkin tibbi yardım qaydaları, hipertonik kriz, işemik insult xəstələrinə qulluq metodları, empatiyanın ünsiyyətdə rolu və s. mövzuları əhatə edən nəzəri təlimlərdə iştirak etmişlər. Yaxşı olardı ki, yaşlılara olduğu kimi, körpələrə də hər yaş dövrünə uyğun dayələr hazırlansın. Onda analar–dayələr arasında anlaşılmazlıq da aradan qalxar.
Zərifə BƏŞİRQIZI
XQ


