Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi.
Cari məsələlərdən sonra S.Qafarova iclasın gündəliyinə 16 məsələ daxil edildiyini diqqətə çatdırdı. Dedi ki, gündəliyin ilk 12 məsələsi üçüncü, 3 məsələsi isə ikinci oxunuşda təqdim olunan qanun layihələridir. Komitə sədrləri ikinci oxunuşdan sonra qanun layihələri barədə komitələrə hər hansı rəy və ya təklif daxil olmadığını bildirdilər.
“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumunun dərəcələri azaldılacaq.
Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunmasına dair layihə də son oxunuşda qəbul edildi. “Sosial xidmət haqqında” Qanuna edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da mənzil alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanuna qəyişiklik edilməsi haqqında sənədi birinci oxunuşda təqdim etdi. Dəyişikliyə əsasən, Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edənlər, o cümlədən öz vəzifələrini üzürlü səbəblər olmadan yerinə yetirməyən valideynlər cəzalandırılacaqlar.
* * *
Oktyabrın 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumların rolu” adlı 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşüb.
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu”na dair Bakıda keçirilən tədbirin aktual mövzuya həsr edildiyini bildirən S.Qafarova tədbirin həm Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına, həm də bu audit qurumları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Türkiyə, Qırğızıstan, Braziliya və Belarusun Hesablama Palatalarının sədrləri Metin Yener, Almazbek Akmatov, Ualton Alenkar Rodrigez və Dmitri Basko Azərbaycanda olmalarından məmnunluqlarını ifadə ediblər.
* * *
Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.
Qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.
Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.
Ə.BƏDƏLOV
XQ