Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepalın paytaxtı Katmanduda keçirilən Asiya-Avropa Siyasi Forumunun 5-ci iclası çərçivəsində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin 40-cı iclasında iştirak edib.
Daimi Komitənin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq qurumun yeni üzvlərini təqdim edib. O, Tahir Budaqovun YAP-ın Daimi Komitədəki yeni təmsilçisi qismində fəaliyyətinin ICAPP-ın qarşıya qoyduğu hədəflərə çatmasına və ICAPP-YAP əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
YAP Sədrinin müavini YAP ilə ICAPP arasında səmərəli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Tahir Budaqov bu məqsədlə yaxın gələcəkdə qurumun növbəti tədbirlərindən birinin Bakıda keçiriləcəyinə ümidvar olduğunu bildirib.
* * *
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 14-də Nepalın paytaxtı Katmanduda keçirilən və 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin qatıldığı Asiya-Avropa Siyasi Forumunun 5-ci iclasında iştirak edib.
ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri Racan Bhattarayın moderatorluğu ilə “Pandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunması” mövzusunda keçirilən sessiyada YAP Sədrinin müavini Tahir Budaqov çıxış edib.
YAP Sədrinin müavini çıxışında Azərbaycanın pandemiya dönəmində dövlət siyasətinin təkcə milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıdığını söyləyərək bu kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri - Azərbaycanın uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsini, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının baş tutmasını diqqətə çatdırıb.
XQ